Bir neçə gün öncə hökumət kritik infrastruktura daxil olan qurumların siyahısını təsdiqləyib.
Bu sahədə nəzarət və tənzimləmədə əsas söz sahibi DTX-dır. Qurum dövlət qurumlarına aid səlahiyyətləri XRİTDX ilə birgə həyata keçirəcək. Yəni hansı özəllər kritik perimetrə daxildirsə onların kritik qanunvericiliyə əməl etməsinə yalnız DTX nəzarət edəcək.
Qanunvericilikdə isə kritik qurumların qarşısında xeyli vəzifələr qoyulub. Özəl və dövlət qurumlar gələn ildən bu vəzifələrin icrasına başlamalıdırlar. Qurumlar yeni mütəxəssislər cəlb etməli, infrastrukturlarını təkmilləşdirməli, audit etdirməli, təhlükəsizlik provayderləri ilə müqavilələr bağlamalıdırlar.
Yəni bu perimetrdə olanların gələn il kiber sahədə görəcəkləri xeyli yeni işlər var. Bu baxımdan DTX-nın bu sahəyə nəzarət edəcək strukturu, Milli Kibertəhlükəsizlik Mərkəzi də artıq bu istiqamətdə açıqlamalar verməyə başlayıb.
Belə demək mümkünsə, DTX-nın da fəaliyyətində yeni dövr başlayır. Qurum bununla da xeyli mülkiləşəcək, kiber sektor üzrə komanda da, güman ki “paqonlulardan” xeyli fərqlənəcək.
MKM kritik informasiya infrastrukturu obyektlərinin təsbit olunduğu sahələr, siyahının əsaslandığı meyarlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblər barədə məlumatı paylaşıb.
Xatırladıram ki, hökumət təsdiqlədiyi həmin adı çəkilən siyahını açıqlamayıb. Kritik hesab olunan informasiya sistemlərinin təhlükəsizlik baxımından açıqlanmaması müzakirə predmeti hesab olunacaq məsələ olsa da, ağlabatandır.
Amma düşünürəm ki, şəffaflıq və ictimai nəzarətin təşkili baxımından kritik informasiya sistemlərinin aid olduğu dövlət və özəl qurumların adlarının açıqlanması məntiqli və doğru olardı.
Osman Gunduz
COMMENTS