«Dünya mediası İŞİD-i şişirdərək, xof yaradır» MÜSAHİBƏ

«Dünya mediası İŞİD-i şişirdərək, xof yaradır» MÜSAHİBƏ

Semir Murad: «Türkiyənin sakit davranması Mosuldakı konsulluq işçilərinin İŞİD tərəfindən əsir götürülməsi ilə bağlıdır»

 

Bir vaxtlar Ukrayna torpaqlarının Rusiya tərəfindən işğal olunmasına dair xəbərləri gündəmdən çıxaran İŞİD-in Mosulu zəbt eləməsi və İraq ərazisinin böyük hissəsini öz nəzarətinə götürməsindən hamı yazırdı. Amma son vaxtlar, deyəsən, dünya bu məsələyə münasibət bildirməkdən yorulmuş kimi görünür. Bəlkə də ona görə belədir ki, dünyanın fikirləri haçalanıb:
Ukrayna, İraq, Suriya, Qəzza… İndisə saydıqlarımızın hamısından daha amansız olan «Ebola» virusları gündəmə nəzarət edir. Bu səbəbdən də haqqında az danışılan, amma mahiyyəti çox böyük olan faciələri unutmamaq, bəşəriyyəti bu gündən sabaha ümidi qalmayan milyonlarla insanın taleyinə biganə qalmaması üçün yenidən İraq böhranına baş vurduq. Bu dəfə bəlkə daha fərqli xəbərlərə, fikirlərə rast gəldik deyib heç vaxt müsahibimiz olmayan, iraqdaxili siyasətin bilicisi, İraq-Yaxın Şərq üzrə tədqiqatçı Semir Muradla söhbətləşdik. Görək nə deyir:

– İŞİD hələ 2006-cı ildə yaradılmağa başlanılıb. Həmin il Musaab əl-Zərkavi öldükdən sonra qurulan bu təşkilatın ilkin adı Iraq İslam Dövləti idi. Amma 2011-ci ildə Suriyada vətəndaş müharibəsinə start veriləndən sonra «Əl-Qaidə»yə mənsub olan bütün təşkilatlar bu ölkəyə soxuldular və prezident Bəşər Əsəd qüvvələri ilə döyüşməyə başladılar. Özü də onlar əsasən ABŞ və Qərbin hərtərəfli dəstəyi ilə güclənib, mütəşəkkil qüvvəyə çevriliblər. Bundan sonra isə yeni adı ilə gündəmə gələn təşkilat «İraq və Şam İslam Dövləti» adlandı.

 

– Niyə məhz Mosuldan başladılar və Bağdadla Kürdüstan muxtariyyəti arasında dövlət elan etdilər?

 

– Bunun başlıca səbəbi bu bölgənin demoqrafık vəziyyətidir. Başqa səbəbi isə burada yaşamaqda olan əhalinin sünni və digər fərqli məzhəblərə, dinlərə sitayiş etmələridir. Bütün bunlar İŞİD-in yerləşməsinə və güclənməsinə zəimin yaradan amillərdir.

 

– İŞİD islam dövləti elan etdikdən sonrakı təxminən iki ay ərzində minlərlə insanı qətl etdi, amma dünya bu vəhşətə səssiz qaldı. Bu gün deyirlər ABŞ və Böyük Britaniya havadan zərbə vurur onların mövqelərinə, amma məncə bu, gec atılmış addımdır. Sizcə, niyə susdu dünya və nəyə görə İŞİD-in atacağı addımları hamı kənardan seyr etdi?

 

– Dünya sadəcə səssiz qalmadı, hətta bir sıra dövlətlər İŞİD-i açıq və ya gizli formada dəstəklədi, yardım göstərdi. Çünki hər kəs düşünürdü ki, İŞİD Suriyada Əsəd rejiminə qarşı mübarizə aparır. Ona görə də Qərb bu təşkilata qarşı çıxsaydı dünyanın hər yerində ictimai kütlələrin qınaq obyektinə çevrilə bilərdi. Sual verilərdi ki, İŞİD-in Suriyaya qarşı mübarizəsinə niyə dəstək verilir, İraqda isə yox? Bu gün isə ABŞ və İngiltərənin İŞİD-ə qarşı çıxması onların siyasi və iqtisadi maraqlarından irəli gəlir. B səbəbdən də ABŞ və Qərb bloku İraq xalqını və ya kürdləri qorumağa məcburdur.

 

– Daha öncə İŞİD-in sünni döyüşçülər olaraq şiələrlə düşmən obrazları yaradıldı. Sonradan onların dünyada sülhə təhlükə adlandırıldı. İndisə onlar xristianlara və yezidilərə qarşı cinayət törətməkdə günahlandırılır. Niyə İŞİD-in əsl maskası açılmır, onun nə istədiyi və əsl məqsədi beynəlxalq ictimaiyyətə çatdırılmır?

 

– İŞİD terror təşkilatıdır. Proseslərə də baxanda görünür ki, bu təşkilat həmişə Qərbin maraqlarını təmin etmək üçün istifadə olunur və hər dəfə də məzhəb məsələlərindən yararlanılır. Çünki fərqli məzhəb və etnik cəmiyyətlərdən ibarət İraqın başını qatmaq üçün ən yaxşı yol burada həmin amillərdən istifadə etmək – məzhəb qarşıdurması yaratmaqdır. İŞİD-in siyasətində isə özünün qorxu obrazını yaratmaq əsasdır. Yəni təşkilat bütün aləmə diqtə edir ki, ona qarşı çıxan hər bir insan öldürüləcək və bu səbəbdən də hamı beyət etməlidir. İŞİD-in tam maskasının çıxarılmamasının səbəbi isə budur ki, belə olarsa onu dəstəkləyən ölkələrin adları bilinəcək. Yəni İŞİD pərdəsi arxasında bir sıra ölkələr gizlənir və proseslər də onların istədiyi kimi istiqamətləndirilir. Ona görə də sirləri açılmasın deyə, Qərb bloku İŞİD-i tamamilə məhv etməyə çalışır.

 

– İŞİD ilk dəfə hücuma başlayanda dövlətin on minlərlə sayda ordusu, topunu-tüfəngini terrorçulara verib, geri çəkildi. Sonradan məlum oldu ki, ordunu kimlərsə aldadıb və geri çəkilmək əmrinin guya Bağdaddan verildiyini bildiriblər. Amma burada maraqlı bir məqam da ortaya çıxır ki, ordu bu əmri eşidəndə nəyə görə rəsmi Bağdadla, məsələn, Müdafiə Nazirliyi və ya Baş Qərargahla əlaqə saxlayıb, məsələni dəqiqləşdirməyib?

 

– IŞİD-in ortaya çıxışı və şəhərləri bir-birinin ardınca işğal etməsi, onsuz da qəfil baş verməyib. Elə bu proseslərdən əvvəl də İŞİD təşkilatına mənsub bir çox insanlar İraqda çox aktiv fəaliyyət göstərirdilər. Amma sistemli deyildilər, fəaliyyətləri pərakəndə xarakterli idi. Onların sadəcə məqsədləri indi baş verənlərə zəmin hazırlamaq idi. Bir də ki İraq ordusunun içində terror təşkilatı ilə əlaqədə olanlar var ki, onlar məzhəb amili ilə bağlı və ya pula ələ alınmışlardır. Bütün bunların fonunda İraq ordusuna Bağdaddan «geri çəklin» əmri verilib. Elə ordunun başındakı komandanlar da məhz bu əmri yerinə yetirdiklərini israr edirlər. Onu da deyim ki, dünya mediası İŞİD-i çox şişirdir, süni şəkildə onun xofunu yaradır və insanları qorxudur. Bu səbəbdən də Iraq ordusunda əsgərlər arasında «mən puldan ötrü niyə ölməliyəm» kimi dedi-qodular dolaşır.

 

– Nuri əl-Malikini şiələrin tərəfini tutduğuna və sünnilərə əzab verdiyinə görə ittihamlayırlar. Yaxşı, Maliki getdi və yerinə gələn əl-Abadi məzhəbləri bir araya gətirə biləcəkmi?

 

– Malikinin daha güclü mərkəzçi mövqeyi vardı. Mərkəzi hökumətə qarşı çıxanlara cəza verib, onlara qarşı xüsusi əməliyyatlar keçirilib. Məsələn, Sədr qrupuna bağlı olan «Məhdi döyüşçüləri»nə qarşı aparılan savaşı yada sala bilərik. O vaxt Sədr qrupunun böyük sayda lider heyətini həbs etdirmişdi. Məsələn, İŞİD təşkilatının Mosulu ələ keçirməsindən sonra «Baduş» həbsxanasında olan Sədr qrupunun üzvü olan 480 döyüşçü İŞİD tərəfindən qətl edilib. Dövlətə qarşı çıxan sünni qruplara da eyni cəzalar tətbiq olunub. Yəni dövlət məsələsində Maliki üçün günahkarın hansı məzhəbdən olmasının fərqi yox idi. Əl-Abadiyə gəlincə, İraqdakı qrupları bir araya gətirə biləcəyini düşünmürəm. Çünki İraqdakı siyasətçilər hökumətdə yer tutmaq üçün məzhəb amilindən istifadə edərək siyasət yürütməkdədir. Yəni bu gün İraqın hakimiyyət müstəvisində çoxları məhz təriqət məsələsindən yararlanaraq yüksəlməkdədir.

 

– İlk gündən bəri Kürdüstan sərhədinə doğru bir güllə belə atmayan İŞİD hazırda Ərbil üzərinə yeriməkdədir. Sizcə, təşkilat niyə kürdlərin üzərinə hücumu sonraya saxlayıb?

 

– İŞİD-in istifadə etdiyi strategiya öncə zəif nöqtələrə zərbə endirmək, yavaş-yavaş güclülər üzərinə hücuma keçməkdir. Kürdüstanı öncədən hədəf almamasının səbəbi budur ki, kürdlər digər qruplarla müqayisədə sistemli və daha güclü idilər. Bu səbəbdən də IŞİD əvvəlcə azlıqları hədəf aldı, bölgələri tamamilə ələ keçirdikdən sonra Kürdlərin üzərinə istiqamətləndi. Bundan əlavə, Kürdüstan yerli hakimiyyəti heç də İŞİD-in onlara qarşı çıxacağını zənn etmirdi. İŞİD-ın, sadəcə, mərkəzi hökumətlə savaşdığını və kürdlərlə heç bir düşmənçiliyin olmadığını deyirdilər. Amma terrorçular kürdlərin üzərinə istiqamətlənincə, bütün İraq xalqının və insaniyyətin düşməni olduqları üzə çıxdı.

 

– Bu məsələlərdə Türkiyə niyə səssizdir? Türkmənlərin təhlükədə qalmış həyatı Türkiyəni doğrudanmı düşündürmür?

 

– Türkiyənin bu məsələlərə münasibətdə sakit davranması Mosuldakı Türkiyə konsulluğu işçilərinin İŞİD tərəfindən əsir götürülməsi ilə bağlıdır. Məncə, Türkiyə Cümhuriyyətinin ən bəsit müdaxiləsi konsulluq işçilərinin öldürülməsinə yol aça bilər. Bu səbəbdən də Türkiyə əsir götürülən vətəndaşlarını qurtarmağa çalışır. İndiki Türkiyə Cümhuriyyəti hər zaman zalıma qarşı vuruşub və məzlumların yanında olub. Türkiyə dolayısı və birbaşa yollarla türkmənlərin yanındadır. Yalnız türkmənlərə deyil, bütün İraqda yaşayan xalqlara gücü yetdiyi qədər yardım göstərməyə çalışır. Məsələn, yer-yurdunu tərk edərək İŞİD-in zülmündən qaçan türkmənlər üçün düşərgələr salıb, onlara tıbbi və ərzaq yardımları göstərir.

 

– Necə bilirsiniz, bu gün İŞİD-in elan etdiyi «İslam dövləti»nin sərhədləri genişlənməkdədir, yoxsa ABŞ-ın havadan endirdiyi zərbələrin yardımı ilə ordu dövlətin işğal olunmuş torpaqlarını geri qaytarmağa başlayıb?

 

– İŞİD ələ keçirdiyi bölgələrdə möhkəmlənib və əgər ABŞ İraq ordusuna yetərincə hərbi dəstək versə, o zaman əlbəttdə ki, Bağdad hökuməti terror təşkilatının əlindəki torpaqları geri qaytarmağa çalışacaq. ABŞ dəstək verməsə, mərkəzi hökumətin və Kürdüstanın hərbi qüvvələri sadəcə özünümüdafiə mövqeyində qalacaq. Bu da o deməkdir ki, heç bir ərazi azad olunmayacaq.

COMMENTS