“Dünyada hər 10 nəfərdən birinin ruh sağlığı yerində deyil” – ÜST-dən şok açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı dünyada hər 10 nəfərdən birinin ruh sağlamlığının yerində olmadığını açıqlayıb.

ÜST-nin yaydığı “2014-cü ilin ruh sağlığı atlası” ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında çıxış edən ÜST-nin Ruh Sağlığı Bölməsinin nümayəndəsi Fahmi Hanna, dünyada səhiyyə işçilərinin yalnız 1 faizinin ruh sağlamlığı ilə bağlı xidmət verdiyinə diqqəti çəkib.

Hanna, dünyada orta hesabla hər 10 min adama, aşağı və orta gəlirli ölkələrdə isə hər 100 min adama bir ruhi xəstəliklər üzrə mütəxəssis düşdüyünü açıqlayıb.

2014-cü ilin ruh sağlığı atlasına görə, az inkişaf etmiş ölkələrdə adam başına düşən illik ruh sağlığı xərci 2 dollardan az olduğu halda, inkişaf etmiş ölkələrdə bu xərclər 50 dollardan yuxarıdır.

“Dünyada təxminən hər 10 adamdan birinin ruh sağlamlığında problem var” xəbərdarlığı verən hesabatda qeyd edilir ki, hər il 900 min adam intihar edir və gənclər arasında ən çox yayılan ikinci ölüm səbəbi intiharlardır.

Hər 4 nəfərdən birinin həyatlarının müəyyən dövründə ruhi pozğunluq keçirdiyinə və ruh sağlığında ciddi problemlər olan hər 4 nəfərdən 3-nün heç bir müalicə almadığına diqqəti çəkən hesabatda 2030-ci ilə qədər depressiyanın xəstəliklər arasında ilk sıraya çıxacağı və qlobal bir böhran şəklini alacağı ilə bağlı xəbərdarlıq edilib.

COMMENTS