Dünyada ilk: Azərbaycanda təhsil jurnalistikası ələ alındı

Dünyada ilk: Azərbaycanda təhsil jurnalistikası ələ alındı

Martın 5-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlim keçirilib.

DOSYE.ORG xəbər verir ki, təlimin moderatoru AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova olub.

Təlimdə müxtəlif media qurumlarının təhsil mövzusunda xəbərlər hazırlayan əməkdaşları iştirak ediblər.

Layihənin əsas məqsədi təhsil jurnalistlərinin təsnifatlandırılması, onların təhsil qurumları və bu səhənin mütəxəssisləri ilə səmərəli fəaliyyətinin təmin edilməsi üçün faydalı müzakirələrin aparılmasıdır.

Təlimi giriş nitqi ilə açan AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı təhsildən yazan jurnalistlərin ixtisaslaşmasının vacibliyindən bəhs edib və təlimin media nümayəndələri üçün olduqca faydalı olduğunu diqqətə çatdırıb.

Daha sonra SODİMER rəhbəri Levent Eraslan təhsil jurnalistikasının məqsədindən söz açaraq təhsil sahəsində ortaya çıxan mövcud məlumat və faktların düzgün şərh edilməsi və qiymətəndirilməsi ilə bağlı mühim məqamlardan söz açıb:

“Təhsil jurnalistləri gündəmi tutmağı bacarmalı, ancaq bundan əlavə mövcud hadisələrdən, eləcə də köhnəlmiş xəbərlərdən də yeni gündəm yaratmalıdır. Təhsil jurnalisti müasir dövrün tələblərinə cavab verən texniki vasitələrlə işləməli, lazımi halda süni intellektə də müraciət etməlidir. Jurnalistin əsas qayələrindən biri də rəsmi qurumlar və ilkin xəbər mənbələri ilə işləməkdir. O, plüralizm prinsipini qorumaqla, öz şəxsi fikirlərini xəbərə daxil etməməlidir”.

Təlimin davamında Niğde Ömer Halisdemir Universitetinin professoru Emre Ünal media nümayəndələri ilə “Təhsil jurnalisti müsahibə və reportajlarda nəyə diqqət etməlidir?”, “Təhsil müəssisələri ilə necə işləmək lazımdır?”, “Təhsil jurnalisti sosial şəbəkələrdə fəaliyyətini necə qurmalıdır?” mövzuları üzrə müzakirələr aparıb.

O qeyd edib ki, təhsil jurnalistləri təhsil sisteminin fəaliyyətini, onun fəlsəfəsi və psixologiyasını, öz sahəsinə aid əsas anlayışları yaxşı bilməlidir.

E. Ünal xüsusən “fake news”-ə diqqət çəkərək vurğuladı ki, gündəmdə saxta xəbərlər işıq sürəti ilə yayılır:

“Rəqəmsallaşan dünyada saxta xəbərin qarşısını almaq imkansız dərəcədədir. Məhz bu baxımdan da jurnalistlər eşitdikləri xəbərləri tirajlamadan qabaq birbaşa rəsmi mənbələrdən dəqiqləşdirməli, əgər rəsmi cavab gec gələrsə, o halda mütləq şəkildə rəsmi mənbədən cavab gözlədiklərini vurğulamalıdırlar.

Bundan əlavə bəzən sosial şəbəkələrdə yayılan azyaşlılarla bağlı, eləcə də ümumi sensasiya yaradacaq xəbərlərdə insanın şəxsi toxunulmazlıq hüququna hörmətlə yanaşmalı, uşaqların ad, soyad, və fotolarınının yayılmasından çəkinməlidirlər”.

E.Ünal jurnalistlərin “bəs belə olduğu halda cəmiyyətdəki mənfi halları necə işıqlandıraq?” sualına cavab olaraq bildirdi ki, xəbər yazarkən başlığa diqqət edərək bu məsələnin hüquqi müstəvidə araşdırıldılğını qeyd etməyiniz kifayətdir.

“Əgər xəbər ictimaiyyətdə mənfi halların qarşısını alacaqsa, eləcə də məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasında fayda verəcəksə, o halda gizliliyi qorumaqla paylaşmaq olar. Unutmaq olmaz ki, xəbər iki mühim vəzifə daşıyır. Birinci olaraq o, ictimaiyyətə müsbət mesaj ötürməli, daha sonra isə baş vermiş hadisənin əvvəlki vəziyyəti ilə bağlı məlumat verməlidir”,- professor qeyd edib.

Təhsildən yazan jurnalistlərin maarifləndirilməsi artıq Türkiyənin təhsil camiəsinin diqqətindədir. Bu təcrübənin başqa ölkələrdə də təşkil olunması nəzərdə tutulur.

COMMENTS