Dünyanın axtardığı İŞİD-in “kassası”nı Azərbaycan çekistləri tutdu – təhlükəli fiqur kimdir?

Dünyanın axtardığı İŞİD-in “kassası”nı Azərbaycan çekistləri tutdu – təhlükəli fiqur kimdir?

Arzu Nağıyev: “İstisna deyil ki, onları həvəsləndirən və İŞİD-lə əlaqələndirən hansısa qruplar gizli fəaliyyət göstərir”

Uzun illərdir dünyada terrorlar törədən, qəddar cinayətlərlə yaddaşlara həkk olan İŞİD terror qruplaşması müəyyən dövrdə kölgəyə çəkilsə də, son aylarda aktivləşib və yenidən tərəfdarlarını artırmağa çalışır. İŞİD liderləri bunun üçün emissarlarını hərəkətləndiriblər.

Bəllidir ki, Azərbaycandan da İŞİD-ə qoşulanlar olub. Təşkilatla bu və ya digər şəkildə əlaqələri olanlar vardı. O da sirr deyil ki, Azərbaycanın xüsusi xidmət orqanları həmin şəxsləri və yaxınlarını daim nəzarətdə saxlayıb, zərərsizləşdirib, dairələrini genişləndirməsinə imkan verməyib. Azərbaycan antiterror koalisiyasının üzvü kimi bu prosesdə mühüm rol oynayıb. Bu istiqamətdə Azərbaycanın çekistləri daha bir uğurlu əməliyyat reallaşdırıblar. Bugünlərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilatının mühasibini saxladığını açıqlayıb.

Verilən ilkin açıqlamada qeyd edilir ki, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi DTX əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Arzu Nağıyev: “Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya və siyasi sistem  yaranıb”

Arzu Nağıyev

Təhlükəsizlik məsələləri üzrə ekspert, deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, DTX-nın keçirdiyi əməliyyat çox təqdirəlayiq bir əməliyyatdır: “Bununla bir daha təsdiqləndi ki, DTX əsas məramları, məqsədi qarışıqlıq salmaq, terror həyata keçirmək olan qruplaşmalara qarşı daim fəaliyyətdədir. Belə qruplaşmaların maliyyə axınlarının başında dayanan şəxsin ələ keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Özü də indiki bir zamanda, hansı ki, regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycan ciddi addımlar atır. Əsası bir neçə il bundan öncə qoyulan və bütün ölkələr üçün təhlükəyə çevrilən “İslam dövləti” (İŞİD) terror qruplaşması yenidən fəallaşmağa başlayır. Deməli, bir sıra dövlətlərdə terror hadisələri törətmə ehtimalları artır. İŞİD-in ötən illərdə xüsusilə Paris və Türkiyədəki terror aktları dünya mətbuatının gündəmini zəbt etmişdi. Azərbaycandan da İŞİD sıralarına qoşulmaq üçün yüzlərlə insan Suriya və İraqa gedib. İstisna deyil ki, onları həvəsləndirən və İŞİD-lə əlaqələndirən hansısa qruplar gizli fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallara qarşı mübarizə aparılır və indiyə kimi bir sıra şəxslər ifşa edilib. Bu mübarizə fonunda İŞİD-in digər ölkələr kimi Azərbaycanda da terror törədə bilməsi ehtimalı hamını düşündürür. Belə bir zamanda Azərbaycanın beynəlxalq terrorizmin əsas üzünə çevrilən İŞİD-ə qarşı əməliyyatı səbəbsiz deyil.

Azərbaycandan da İŞİD-ə qoşulan, orada ölənlər və ya sağ qalanlar var. Eyni zamanda həbs olunanlar və olunmayanlar da var. Terror elə təzahürdür ki, bundan heç kim sığortalanmayıb. Ona görə də hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu sahəyə çox ciddi nəzarət edir. Buradakı əməliyyat şəraitini nəzərə alırlar. Amma ayıq-sayıqlıq həmişə olmalıdır. Terror təşkilatları, xüsusilə İŞİD həddindən artıq qəddarlıqla anılır. Ona görə ayıq-sayıqlığı əldən vermək olmaz. İŞİD üzvü olan və  qaçıb gizlənənlər, yayınanlar, hələ ki sakit durub kənardan idarə edənlər bilsinlər ki, kifayət qədər materiallar var və əməliyyat şəraitinə nəzarət olunur. Azərbaycan dövlətinə, dövlətçiliyə, cənab Prezidentin apardığı siyasətə qarşı hər hansı bir atılacaq addımın qarşısı yüksək peşəkarlıqla alınacaq”.

Deputat bir daha vurğulayıb ki, İŞİD mühasibinin ələ keçirilməsi çox mühüm əhəmiyyət kəsb edən əməliyyatdır: “İlkin məlumatlara əsaslanıb demək olar ki, İŞİD mühasibi uzun müddət müxtəlif ölkələrdə gizlənməyə nail olub. Onun həbsi üçün bir çox ölkələrin xüsusi xidmət orqanları iş aparıblar. Son nəticədə Azərbaycan xüsusi xidmət orqanı onu ələ keçirib. Bu, ölkəmizin beynəlxalq təhlükəsizliklə bağlı əməkdaşlıqda sadiqliyinin və peşəkar fəaliyyətin nəticəsi kimi qiymətləndirilir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

COMMENTS