DYP-dən Həsən Şirinovun sürücüsü ilə bağlı açıqlama

DYP-dən Həsən Şirinovun sürücüsü ilə bağlı açıqlama

vaqif1.jpg

Vaqif Əsədov: «Mayıl Yusifov şöbə rəisi yox, şöbənin baş inspektoru təyin edilib»

Dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində aparılan kadr dəyişikliyi barədə məlumat yayılıb. Avtosfer.az-ın aznews.az-a istinadən məlumatına görə, idarə rəisi, polis polkovniki Nüşrəvan Səfərov özünə ikinci müavin təyin edib. Belə ki, idarənin şöbə rəisi vəzifəsində çalışan Eyvaz Şahverdiyev bundan sonra müavin kimi çalışacaq.

Qeyd edək ki, BŞDYP rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin olunandan sonra bu vəzifə boş qalmışdı. Nüşrəvan Səfərovun digər bir əmri ilə 3-cü tağımın komandiri Mayıl Yusifov Eyvaz Şahverdiyevin yerinə təyinat alıb. 3-cü tağıma da yeni rəhbər gətirilib. Bu vəzifəni bundan sonra 8-ci tağımın inspektoru Füzuli Əsədov icra edəcək.

Eyvaz Şahverdiyevin müavin statuslu yerinə təyinat alan Mayıl Yusifov Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun kadrı kimi tanınır. H.Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub.

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirdi ki, Nüşrəvan Səfərova yeni müavin təyin edilməsi barədə xəbər doğru deyil: «Bundan başqa, Mayıl Yusifovun şöbə rəisi təyin edilməsi xəbəri də yalnışdır. Mayil Yusifov hazırda Eyvaz Şahverdiyevin rəhbərlik etdiyi şöbəyə baş inspektor təyin edilib. Jurnalistlərdən xahiş edirik ki, bu cür informasiyaları yaymazdan əvvəl dəqiqləşdirmə aparsınlar».

COMMENTS