Cəbhə bölgəsinin icra başçıları: KİM İNSANLARA YAXIN, KİM UZAQDIR?

İyulun sonu avqustun əvvəllərində cəbhə bölgəsində yaşanan gərginlik təkcə ordudakı itkilərlə deyil, həm də sərhəddə yaşayan insanların problemləri ilə də gündəm yaratdı.

 

Bir qrup jurnalistin cəbhə bölgəsinə etdiyi səfər zamanı atəş xəttində yaşayan insanlar icra başçılarının onların problemlərinə necə yanaşmalarından danışdılar. Cəbhə bölgəsində yerləşən rayonların (Beyləqan, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Goranboy, Göygöl, Gədəbəy, Tovuz, Qazax) icra başçıları arasında ən çox şikayət Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdan olub. Rayon camaatı icra başçısının onların problemləri ilə maraqlanmadığını, şikayətlərinə baxılmadığını deyib. Qazaxın Cəfərli kənd sakinləri jurnalistlərə susuzluqdan şikayət ediblər. Onlar bildiriblər ki, ümumiyyətlə, bu kənddə artezian quyuları da yoxdur. Sakinlər qeyd ediblər ki, onlar içməli su ilə bağlı ciddi problemlər yaşayırlar. Yerli camaat bu məsələnin həlli üçün lazımı instansiyaların kömək etməsini istəyiblər.

Cəbhə bölgəsinə səfər edən jurnalistlər müsbət hallarla da qarşılaşıblar. Belə ki, Xocavənd rayon sakinləri İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdan razılıq ediblər. Sakinlər Eyvaz Hüseynovun onların problemləri ilə daim maraqlandığını, problemlərin həll edilməsində əlindən gələni etdiyini deyiblər.

Cəbhə bölgəsinə yazın rayonların icra başçıları kimlərdir?

Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb və dəstə komandiri olub. Erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanıb.
2 iyul 1992-ci ildən Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azrbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse –prezidentidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov – 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 6 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov – 2012- 2014-cü illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib. Prezident İlham Əliyevin 07 may 2014-cü il tarixli sərəncamı ilə Tərtər rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Ağdam rayonu İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov – 1993-2014-cü illərdə Azərbaycan Respublikası MTN-də xidmət edib. Prezidentin 16 aprel 2014-cü il tarixli, 394 saylı sərəncamı ilə Ağdam rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov – 4 fevral 2010-cu ildən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib. Prezidentin sərəncamı ilə 18 aprel 2012-ci ildə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Prezidentin 24 sentyabr 2009-cu ilin tarixli sərəncamı ilə Goranboy rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Göygöl rayonu İcra Hakimiyyətinin başçısı Arif Seyidov – Azərbaycan Kənd Təsərrüfatı İnstitutu , Gürcüstan Dövlət Aqrar Universitetini bitirib. Prezidentin 23 fevral 2006-cı il tarixli 1332 nömrəli sərəncamı ilə icra başçısı vəzifəsinə təyin olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov – 2001-2002-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində, 2002-2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib. Prezidentin 27 fevral 2007-ci il tarixli sərəncamı ilə Tovuz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Füzuli rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev – Füzulidə Suvarma Sistemləri İdarəsində rəis vəzifəsində çalışıb. Azərbaycan Prezidentinin 25 fevral 2011-ci il tarixində imzaladığı sərəncamla İcra Hakimiyyətinin başçısı təyin edilib.

Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev – 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib. II çağırış Milli Məclisin deputatı olub. 2 aprel 2007-ci ildən Xızı rayonu İcra Hakimiyyətinin başçısı, 10 aprel 2012-ci ildən Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Xocalı rayonu İcra Hakimiyyətinin başçısı Şahmar Usubov – 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində çalışıb. 2000- ci ilin dekabr ayının 21- dən Prezidentin sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

COMMENTS