“Çixura”nın baş məşqçisi: “Neftçi”ni məğlub edə bilərik”

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq “Çixura” klubunun baş məşqçisi Samson Pruidze Gürcüstan mətbuatına müsahibə verib.

 

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının istənilən rəqibi məğlub edə biləcəyini deyib:

– Azərbaycana nə vaxt yola düşürsünüz?

– Sabah səhər saatlarında Azərbaycana gedəcəyik. Otelin yaxınlığındakı stadionda məşq edəcəyik.

– Zədəsi ilə bağlı sizi narahat edən futbolçular varmı?

– Qiqa Beçvaya böyük ehtimal oynaya bilməyəcək. Həmçinin, David Odikadzenin də kiçik zədəsi var.

– “Neftçi”nin “Koper”lə oyunlarını (1:2, 2:0) izlədikdən sonra hansı nəticəyə gəldiniz?

– “Neftçi” yaxşı komandadır. Biz bunu onlarla keçirdiyimiz yoxlama görüşlərində anladıq. Ancaq bakılıların bütün gücünü nümayiş etdirmədiklərinə əminəm.

– Yəqin ki, “Neftçi” ilə oyun, “Bursaspor” matçından fərqli olacaq…

– Əlbəttə. “Koper”lə ilk oyunda “Neftçi”nin bəxti gətirmədi. Rəqib 2-3 qol epizodu yaratdı və iki qol vurdu. Ancaq Sloveniyada “Neftçi” yüksək səviyyədə çıxış etdi. Bəli, rəqib 10 nəfərlə qaldı. Ancaq buna qədər Azərbaycan klubu hesabı açmışdı. Bizim əsas məqsədimiz ilk oyunda üstünlük qazanmaqdır.

– Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz?

– “Neftçi” “Bursaspor” deyil. Onların yaxşı futbolçuları var. Komandaların büdcəsi isə müqayisə olunmazdır. Lakin “Bursaspor”u keçməklə sübut etdik ki, istənilən rəqibi məğlub edə bilərik.

COMMENTS