Yeni mövsümdən İspaniyanın “Eybar” klubunda çıxış edəcək Azərbaycan milisinin futbolçusu Eddi İsrafilov ötən gün rəsmən ictimaiyyətə təqdim olunub.
Qol.Az-ın məlumatına görə, bir il icarə əsasında “Eybar”da oynayacaq 22 yaşlı futbolçu keçidi haqda fikirlərini klubun rəsmi saytına bildirib:
“Növbəti mövsümü “Eybar”da keçirməyi qərara aldım. Danışıqlar uğurlu alındı və asanlıqla anlaşdıq. Düşünürəm ki, “Eybar”da uğur qazana bilərəm. Komandanın ötən mövsümkü çıxışını bəyəndim. Fikrimcə, yeni komandama faydalı olacam. Sadəcə mənə bir qədər vaxt lazımdır. Bu ilin “Eybar” üçün çox uğurlu olacağına inanıram”.
Klub prezidenti Aleks Aranzabal da millimizin üzvü haqda xoş sözlər deyib: “Eddi fiziki cəhətdən yaxşı formadadır. Hava mübarizələrində yaxşı təsir bağışlayır və gözəl hücum potensialına malikdir. İsrafilov “Eybar” üçün uyğun futbolçudur. Bu, onun üçün özünü La Liqada yaxşı tərəfdən göstərməsi baxımından yaxşı fürsətdir”.
Qeyd edək ki, müqavilə ilə “Mursiya” klubuna məxsus olan Eddi İsrafilov yeni mövsümdən La Liqada çıxış edəcək “Eybar”ın şərəfini qoruyacaq.
COMMENTS