Ekspertlər əhalini panikaya düşməməyə çağırdılar

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığı əhali arasında böyük ajiotaja səbəb olub.

İqtisadçı-ekspert Samir Əliyev aznews.az-a açıqlamasında əhalini panikaya düşməməyə çağırıb: “Əhali arasında çaşqınlıq yaranıb, buna isə ehtiyac yoxdur. Söhbət qəfildən ucuzlaşmadan getmir. Çünki Mərkəzi Bank manatın məzənnəsinin müəyyən edilməsinin yeni mexanizmini tətbiq etməyə başlayıb. Əslində bu, bizdə 2011-ci ildən var idi. Manatın dəyərdən düşməsi tədricən davam edəcək. Bir ay ərzində manat bir faizə qədər düşə bilər. Bu bir faizə görə isə əhalinin valyuta dəyişmə məntəqəsinə getməsinə ehtiyac yoxdur”.

Samir Əliyev əlavə edib ki, əslində Mərkəzi Bank buna getməyə məcbur olub: “Əgər neft gəlirlərinin azalması fonunda qeyri-neft sektoru inkişaf etmirsə, mütləq milli valyutanın məzənnəsi elə səviyyədə olmalıdır ki, biz xaricə məhsul ixrac edə bilək. Manatın öz məzənnəsi buna imkan vermirdi, çünki çox baha idi. Qonşu ölkələrin hamısında valyutalar ucuzlaşırdı, amma bizim manat baha oldudundan xaricə mal aparıb satmaq sərf etmirdi. Ona görə Mərkəzi Bank bu addımı atıb. Bank iki yoldan birini, yəni az ağrılı yolu seçib. Əgər birdən-birə aşağı salsaydı, vətəndaşlarda şok yaranardı. Amma Mərkəzi Bank buna getmədi. Bu addımı normal qəbul edirəm”.

Ekspert onu da bildirib ki, əgər neft kəskin ucuzlaşmasa, yaxud da fövqəladə hadisə baş verməsə, bir manatın bir dollara bərabər olması gözlənilmir: “Ən yaxşı halda bir manat 90 qəpiyə kimi ucuzlaşa bilər”.
Azərbaycan manatının (AZN) sərbəst buraxılması əhali arasında ciddi ajotaj yaradıb.

Tanınmış iqtisadçı Vüqar Bayramov bu barədə sosial şəbəkədə status payılaşaraq bir çox məqamlara aydınlıq gətirib. Həmin statusu təqdim edirik:

“Bü gün əksər valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələr müşahidə edilir. Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb. Əslində, Mərkəzi Bank əhali arasında yaranan panikanı aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir. Dünyanın heç bir Mərkəzi Bankı öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir”.

Tanınmış iqtisadçı manatı dollara dəyişməyi uğurlu addım hesab etmir. Daha sonra Vüqar vayramov qeyd edir:

“Azərbaycanın baş bankında ölkədə develvasiya əhval-ruhiyyəsi yaradaraq insanlar öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil. Amma manatını dollara çevirən vətəndaşlar onsuz bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azlama müşahidə ediləcəkdi. Mərkəzi Bankı müxtəlif dolayı metodlar o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azatlmalı idi”.

COMMENTS