Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də günəşlər kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir,
Atılandan sonra da bir daha dönməməkdir.
(Nihal Atsız)
1933-cü ildə Atsız soyadlı 26 yaşlı türk şairi Türkiyənin uzaq bir ilçəsində “Qəhrəmanlıq” şerini yazanda Masallıda onun həmyaşıdı Qacaq Mozu kəhər atıyla kasıbların haqqını yeyən harınlara, əzazil sovet çinovniklərinə qan uddururdu. Onu Sibirdə sürgündə görənlər də olub. Deyilənə görə, cib yaylığında düyünçələdiyi bir ovuc Masallı torpağını müsəlman dustaqlara göstərib deyərmiş ki: “Mən öləndə bu torpağı qəbirimin üstünə səpərsiniz!”
Sibir soyuğu, sürgün həyatı Mozunun ömürünə son qoya bilmədi…
Masallının canlı ensiklopediyası kimi tanıdığım rəhmətlik Hüseyndadaş kişi (Hüseyn Əsədli) deyirdi ki, qaçaq Mozu Əfşarlar İmperiyasının qurucusu, böyük fateh Nadir şah Əfşarın Lənkəranda istehkam kimi tikdirdiyi, 100 il sonra(?) çar Rusiyasının, daha 100 il sonra Şura hökümətinin zindana çevirdiyi Qala dustaqxanasından qaçanda, NKVD-çilər onu yaxalayıblar… Dövrün “Qaçaq Mozu əfsanəsinə” doğma vətəndə – Masallının yeddi ağaclığında – Xəzər dənizində birdəfəlik son qoyublar…
***
…O gün Qala zindanında məhbusluq həyatı yaşayan Qaçaq Mozuya dədə-baba yurdu Xoşçobanlı kəndindən gələn qohumları yekə bir qazan quşplov və başqa ərzaq sovqatı gətiriblərmiş… Pay-puşu məhbus yoldaşlarından gözə dəyən birinə verib:
– Bunu məhbuslara payla, qoy yeyib, qarınlarını doydursunlar. İnşallah, mən bu gün şam çağınacan öz evimdə olacağam… – desə də, bu arzusunun-niyyətinin ürəyində qalacağını ağlına belə gətirmirdi .
…El-oba bayram axşamına hazırlaşırdı. Bəs Mozunun Novruzunu qara gətirən kim idi? Mozunun qılığina girib əlinə fürsət düşən məqamda ona “arxadan zərbə” vurmağa cəsarət edən “kişi” kim idi? Kim idi zidanda isti aşına soyuq su calayan? Bəlkə son tikəsini böldüyü məhbus yoldaşı? Bəlkə bir qazan yeməyi düstaqlar arasında paylaşdırmağı həvalə etdiyi “qılaflı adam”?!
NKVD – nin içəriyə qəsdən dustaq kimi göndərdiyi milis xüsusi tapşırıq almışdı… “Gedər- gəlməz”dən qaçıb canın qurtaran Mozu burdan da qurtula bilər!” …Dəniz tərəfə açdığı lağımdan çixıb qaçanda yaxaladılar Qaçaq Mozunu. Onu dənizdə boğub – ölüsünə də şər atırlar: “Qaladan qaçarkən dənizdə boğulub!”
***
…O gün Xoşçobanlıda uşaqlar “Atmindi” oynayırdılar. Oyunun hakimləri öz aralarında məsləhət –məşvərət edəndən sonra birinci dəstəyə üz tutub soruşurdular ki:
– Tapın, atlarda kimin atı!
Dəstə düşünür, düşünür, at sahibini yada salmağa çalışırdı…
Hakimlərdən biri bu dəfə əlini “Şanapadərə”yə uzadıb, ikinci dəstədən soruşur:
-Atlarda ey, atlarda… Tapın görüm, kimin atı?
Bu zaman at sahibinin kimliyini him-cimlə,əl-qol hərəkətiylə başa salmağa çalışır. Tapançanı işarə verən sağ əlini yuxarı qaldıranda, ikinci dəstənin başçısi var gücü ilə qışqırır:
– Qaçaq Mozunun atı!
Sonra oyunun hakimləri bir ağızdan əmr edirlər:
– Get, min gəl!
Dəstə başçısı qaça-qaça birinci dəstəyə yaxinlaşır, birinci hakimin sualına dürüst cavab verməyən oyunçunun kürəyinə hoppanır, at kimi onu çapa-çapa öz dəstəsinə gətirir. Bu, Novruz çağı uşaqların oynadığı qədim xalq oyunu idi: “Atmindi”…
***
Dünyanın şər vaxtı çatmışdı… Mozununsa o bayram axşamı yoxluğu hamıdan əvvəl nişanlısının ürəyinə dammışdı. Ağzı dualı ağbirçəklər ona təsəlli verirdilər:
-Gedənin gəlsin, üzün gülsün!
Nişanlı qızın bayram əhval-ruhiyyəsinə elə bil matəm ab-havası çilənmişdi. Hərəkətsiz dayanıb tez-tez dərindən köks ötürürdü. Kənd yoluna dikilən qəmli baxışlarından AYRILIQ həsrəti boylanırdı. Pıçıltıyla dedi:
Burdan bir atlı keçdi,
Atın oynatdı keçdi.
Gün kimi işıq saçdı,
Ay kimi batdı keçdi.
…El qəhramanı Qaçaq Mozunun əsl adı Ağabba idi. Mauzer gəzdirdiyinə görə Mozu deyirdlər. Masallıda şura höküməti təzə-təzə qurulanda milsdə işləyirmiş. Bir dəfə milis komissarı idarəyə gələn şikayətçiləri söyüb, ağır təhqir edir: “Nakişilər… Kəndinizdə bir nəfər də olsun kişi yoxdur!”
Mozu da dözməyib rəisə: “Nakişi sənsən, biz kişiyik, al sənə bu da sübutu!” deyib bir güllə vurur. Beləcə “Şanapadərə” deyilən meşələrə çəkilib qacaq həyatı yaşayıb…
…Robin Qudun da əsl adı Volter olmuşdu. O da meşələrə çəkilib kralın zülm elədiyi kasıb-küsuba dayaq olur, qılıncıyla, oxuyla HAQQ-ƏDALƏT uğruda vuruşurdu. Robin Qud vətən haqqında vətəndaşlıq nəğməsini ingiliscə, Qaçaq Mozu Azərbaycan türkcəsində oxuyurdu. Pobin Qud Şervud meşələrini özünə etibarlı yer seçmişdi. Qaçaq Mozu Alvadı meşələrini. Hər ikisi varlı təbəqədən çırpışdığını kasıblara paylayırdı..
Xalq onun qayğısına qalan qəhrəmanlara balladalar, dastanlar qoşub.
Biz Koroğlunun qəhramanlığı ilə öyünürük… Ona heykəllər qoyuruq. Fəqət öz zamanəsində onu da “yuxarılar” – hakim dairələr sevmirdilər. Qacaq, quldur, oğru, yolkəsən adlandırırdılar. Amma xalqa zülm edən paşalara, xanlara qarşı mübarizəsı ona sadə camaat arasında misilsiz şöhrət qazandırmışdı.
Mozu da sovet hakimiyyətinin “işğalına məruz qalan” Masallının və ətraf rayonların Koroğlusu idi. Hətta onu Cənubi Azərbaycanda da tanıyırdılar. Elə orda da onu şah xəfiyyələri hiylə ilə tələyə salıb, iki məşhur iranlı qaçaqla dəyişərək, NKVD-nin ixtiyarına vermişdilər.
Sadə xalq Mozunu da öz qəhrəmani, xilaskarı kimi sevirdi. Xalqın qəlbi aynadır! O heç vaxt qulduru, canini, xaini sevməmişdir… Onun sevdiklərinə isə bütün zamanlarda çiyni paqonlu dövlət məmurları nifrət etmişdir. Mozunu əli-qolu bağlı zindana gətirəndə həbsaxana rəisi istehzayla: “Mozu, Mozu bu imiş?”-deyə onu acıqla süzür. Mozu deyir: “ Qollarımı aç, Mozu olduğumu sənə göstərim!”
SÖZÜMÜN CANI və yaxud MOZU HAQQINDA YAZIMA SÖZARDI:
Mozu haqqında bu gün də dildə-ağızda əfsanələr dolaşır. Haqqında roman da yazılır. Zaman və məkan dəyişsə də səmanın ənginliyində – dünyanın başı üzərində şəfəq saçan Günəş həmən Günəşdi elə. Geçələr dünyanı öz nuruna qərq edən Ay da elə həmin Aydır… Bəs kişilik, mərdlik, el qeyrəti, vətən təəssübü, vətəndaşlıq borcu və başqa insanpərvərlik anlayışları?
Bu fani dünyada hərə bir cür qaçaqlıq və QOÇULUQ həyatı yaşayır… Kimi xalqı talamaqla şan-şöhrət qazanır, kimi bu talançılarla, rüşvətxorluqla mübarizə apardığına görə… Əfsus ki, bu gün ikincilər QANUNU ələrində mum halına salan birincilərə “məğlub” olurlar. Hətta adlarının qabağında fəxrlə “XALQ”, “əməkdar” titulu gəzdirənlər də…
Məni son vaxtlar bir sual düşündürür: Görəsən, Koroğlu, Qaçaq Nəbi, Qoçu Məmməd, Qaçaq Mozu, Qaçaq Kərəm və başqa el qəhrəmanlarımız bu gün – XXI əsrdə insanları rüşvət bataqlığında boğan, şıikayətlərə məhəl qoymayan, sadə vətəndaşın, şəhid ailəsinin əmlakına təzavüz edən, öz vəzifə borclarını yalnız dəbdəbəli villalar, saraylar tikdirib, övladlarına və məşuqələrinə bahalı maşınlar hədiyyə etməkdə “görən” dövlət məmurlarına, bələdiyyə sədrlərinə, İH başçılarına qarşı mübarızə aparsaydılar, “Xalq QƏHRƏMANI” titulu qazana biləcəkdilərmi? Yoxsa QANUN “keşikçilərimiz” onların da cibindən narkotik maddə “çıxardıb” həbsxanalarda – “ölüm düşərgəsində” çürüdəcəkdilər?!!
Axı bu gün uşağın da, böyüyün də bildiyi ACI HƏQİQƏTLƏRİ qırmızıcasına necə danmaq olar? Ən azından yəni bu sualı güzgüyə baxa-baxa özümüz-özümüzə də verə bilmərik?! Axı “Yalan nə qədər QÜDRƏT sahibi olsa da, HƏQİQƏT ola bilməz.” R.Taqor kimi əhli-qələmin bu dahiyanə fikri bir yana qalsın . Mənimsə gözlərim önündə həqiqət üzərində PARLAQ qələbə çalan YALANlara arxa-dayaq duran ixtiyar sahiblərinin siması canlanır. Böyük təəssüf hissiylə deyirəm:
– Ax, yazıq həqiqət, sən ixtiyar sahiblərinin qabağında necə də yetim uşağa, zəif, gücsüz və liluput bir varlığa bənzəyirsən…
P.S: Hə, mənim əziz vətən qardaşlarım, harınlıq, riyakarlıq, saxtakarlıq – yüksək VƏZİFƏ sahiblərinin bəd və qudurmuş itləridir. HƏQİQƏTİ görüb, duyub, dərk edənin və dilə gətirən hər kəsin üstünə istəsə, qısqırda bilər.
Ona görə çoxumuz hələ də HƏQİQƏTİN yanından gözüyumlu ötüb-keçirik.
Nurəddin ƏDİLOĞLU, yazıçı-publisist.
COMMENTS