“Elazığspor” Cavid İmamverdiyevi Azərbaycana buraxmır

“Məni heyətdən baş məşqçi kənarlaşdırıb. Heç bir səbəb göstərmir. Bilika və Kangele ilə birgə ayrıca məşq edirik”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandanın üzvü Cavid İmamverdiyev deyib.
 
Türkiyənin “Elazığspor” klubunun heyətindən kənarlaşdırılmasından əvvəlcə xəbərsiz olan futbolçu artıq məsələdən halidi. Baş məşqçi Ümit Özatın nə üçün bu cür addım atması Cavid üçün də qaranlıq qalır: “Mənə bu barədə baş məşqçi xəbər verdi, özü də heç bir səbəb göstərmədən. Rəhbərliklə görüşməmişəm. Nə üçün belə etdikləri mənim üçün də qaranlıq qalır. Adətən futbolçunu cəzalandıranda əvəzedici heyətə göndərirlər. Bizdə isə durum elə deyil. Məşqçi ayrılıb və üçümüz ayrıca məşq edirik. Özat son məğlubiyyətlərdən sonra istefa vermişdi, lakin rəhbərlik bunu qəbul etmədi. Qayıdandan sonra isə deyib ki, mən “Elazığspor”da olduğum müddətdə bu 3 futbolçu burda qala bilməz. Niyə belə dediyini anlamıram”.
 
“Neftçi” və “Elazığspor” arasındakı razılaşmaya əsasən, İmamverdiyev maya kimi icarə əsasında PTT I Liqa klubunda çıxış etməli idi. Mövsümün sonunda isə Elazığ təmsilçisi 300 min dollar ödəməklə, Cavidin transfer hüququnu birdəfəlik ala bilərdi. “Elazığspor”un həmin məbləği ödəməyə hazır olmadığı üçün İmamverdiyevin heyətdən kənarlaşdırıldığı ehtimal olunur. Lakin Cavid bu variantla razılaşmır: “Məsələ həmin məbləğlə əlaqəli deyil. Bilsəm ki, onunla bağlıdı, rahatlanaram. Amma heyətdən kənarlaşdırılmağım mənə də qaranlıq qalır. İndiki vəziyyətdə klubun düşərgəsini tərk edə də bilmərəm. Çünki müqaviləyə əsasən, maya kimi burda qalmalıyam”.
 
Qeyd edək ki, Cavid İmamverdiyevin transfer hüququ “Neftçi”yə məxsusdu və o, mövsümün sonunda yetirməsi olduğu kluba qayıdacaq.

COMMENTS