Eldəniz Quliyev 480 saat işləyəcək, 1000 manat da cərimə verəcək

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinorejissor Eldəniz Quliyevin məhkəmə prosesi keçirilib.

 

ANS PRESS-in Virtualaz.org-a istinadən verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Məhkəmənin qərarı ilə E.Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunub və 1000 manat cərimələnib. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılıb.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Belə ki, E.Quliyev bir müddət əvvəl mətbuatda R.Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmiş, bu zaman polis barədə sərt ifadələr işlətmişdi.

COMMENTS