“Onun kimiləri əllərinə düşən hər fürsətdə Azərbaycan dövlətçiliyinə qarşı addım atıblar”.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi bütün dünya ictimaiyyətinə, dövlətlərə, beynəlxalq qurumlara və xalqımıza bəllidir. O, Azərbaycan xalqının mənafeyini ifadə edərək, ərazi bütövlüyü prinsipini daim rəhbər tutub və bütün tribunalardan bunu dəfələrlə səsləndirib”.
Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Hafta.az-a açıqlamasında bildirib ki, prezidentin apardığı siyasətin uğurları görünməkdədir: “Bütün istiqamətlərdə – iqtisadi, hərbi, siyasi, psixoloji – üstünlük Azərbaycanın tərəfindədir. Aparılan informasiya savaşında da üstün tərəf bizik. Bu mənada Azərbaycanın əldə edəcəyi nailiyyətlər də məlumdur. Ona görə də, Eldar Namazovun bu addımı özünü hansısa formada gündəmə gətirməkdən başqa bir şey deyil”.
YAP siyasi Şurasının üzvü həmçinin vurğulayıb ki, E.Namazovun Şahnazaryanla müştərək bəyanatını ölkəmiz üçün təhdiddir: “Digər tərəfdən, Eldar Namazov və onun həmfikirləri əllərinə düşən hər fürsətdə Azərbaycan dövlətçiliyinə qarşı addım atıblar. Ölkənin imicinə xələl gətirməyə çalışıblar. Onun Şahnazaryanla birgə bəyanatı da bu qəbildəndir”.
Xatırladaq ki, “El” hərəkatının lideri Eldar Namazov Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla birgə bəyanat yayıblar. Onlar bəyanatlarında hər iki ölkə prezidentini hərbi ritorikadan əl çəkməyə və atəşkəsə sadiq qalmağa çağırıb.
Qeyd edək ki, erməni silahlı qüvvələri Azərbaycanın 20%-dən artıq ərazisini işğal edib. BMT Təhlükəsizlik Şurasının işğal faktını pisləyən 4 qətnaməsi Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib.
COMMENTS