Elçin Behbudov Fərəc Kərimovla görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan Fərəc Kərimovla görüşüblər: “İctimaiyyət nümayəndələrinin bizim komitəyə müraciəti əsasında orada monitorinq keçirdik. Orada saxlanılan Müsavat Partiyasının üzvü Kərimov Fərəc Raqif oğlu ilə görüşdük. 1985-ci ildə Laçın rayonunda anadan olub. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsinə əsasən ittiham edilir. Lakin özünü təqsirli bilmir. İyulun 23-də həbs edilib. Vəkillə təmin olunub. Saxlanma şəraitindən, ona qarşı münasibətdən şikayəti yoxdur. Ona hər hansı təzyiq olmayıb. Lakin dedi ki, ciyərləri xəstədir və xahiş etdi ki, gəzinti meydanına çıxma vaxtını artırsınlar. Mən bu məsələni saxlama yerinin rəhbərliyinə çatdırdım. Onlar dedilər ki, heç bir problem yoxdur. Fərəcin qardaşı Sirac da həmin maddə ilə ittiham edilir və Bakı İstintaq təcridxanasına köçürülüb”.

COMMENTS