Elgiz polis idarəsində sorğu-suala tutuldu

Xəbər verdiyimiz kimi, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində uşağın anasının izahatı alınıb.

“Qafqazinfo” Müsavat.com-a istinadən xəbər verir ki, KİV-lərdə A.Əhmədovanın sözlərinə istinadən yayılan məlumata görə, istintaq prosesində ANS telekanalının “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbərin də ifadəsi alınıb.

Xatırladaq ki, övladı oğurlanan A.Əhmədova bir neçə ay öncə “Adam içində” verilişinin qonağı olub və həmin qadının problemlərinin həllinə yardım edib.

İstintaqa çağırılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün ANS telekanalının aparıcısı Elgiz Əkbərlə əlaqə saxladıq.

O, bildirdi ki, heç kimə ifadə verməyib və deyilənlər hamısı yalandır: “Kim bunu yazıb, kim bunu özündən uydurub, bilmirəm. Bir var ki, mən hansısa bir hadisəyə münasibət bildirirəm, bir də var ki, istintaqa gedib, ifadə verirəm. Bunlar ayrı-ayrı şeylərdir. İstənilən vətəndaşın bu hadisənin baş verməsindən xəbəri varsa, istintaq işinə kömək edə bilərsə, özündə olan məlumatları istintaq işçiləri ilə paylaşmalıdır. Əgər, məni istintaqa dəvət etsələr, mən çox böyük məmnuniyyətlə gedərəm, sadəcə, onlar bunu etməyiblər”.

Adı çəkilən qadınla olan tanışlığına gəlincə isə E.Əkbər bildirdi ki, onu verilişindən tanıyır və çox yaxşı insan kimi qiymətləndirir: “O qadın mənim verilişimdə qonaq olub. Onun haqqında deyə bilərəm ki, çox yaxşı insandır və çox fədakar anadır. Biz o qadına əlimizdən gələn köməyi elədik. Bunu niyə heç kim yazmır? Onun uşaqlarına da biz sahib çıxdıq, ona tibb müəssisəsində ana olana qədər diqqət göstərdik, uşaqlarına da qayğı göstərdik. Onun alimentlə bağlı problemini də həll elədik. Bütün bunlar 3 ay bundan əvvəl baş verib. İndi biz tətilə çıxmışıq, iki aydır ki, işləmirik. Mənim elə bir imkanım yoxdur ki, bütün insanların sonrakı həyatını izləyim”.

COMMENTS