Elm və Təhsil Nazirliyi “Pilgrim Education” şirkət rəhbərini ifşa etdi-ŞOK

Elm və Təhsil Nazirliyi “Pilgrim Education” şirkət rəhbərini ifşa etdi-ŞOK

Son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.

“Xaricdə Təhsil Şirkətləri” haqqında gəzən söz-söhbətlər heç də xoş məqamlardan xəbər vermir.

Düzdür, elə şirkətlər var ki, işlərini mükəmməl həyata keçirir və tələbələrin biliyinə görə onların istəklərini həyata keçirirlər. Əlbəttə, gələcəyimiz olan gənclərin ölkə xaricində təhsillərini davam etdirməsi müsbət haldır.

Amma təəssüf ki, bu sahədə vətəndaşların etibarından sui-istifadə edib onların pullarını mənimsəmə halları getdikcə artmaqdadır. Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızının çox sayda tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacağına söz verməsi və nəticədə onları aldatması haqda DOSYE.ORG-a məlumat daxil olmaqdadır.

Apardığımız araşdırma zamanı öyrəndik ki, bu şirkət vaxtilə “Career Guide” adı altında fəaliyyət göstərib və o zaman da xeyli qanunsuzluqlara yol verilib. Onunda nəzərinizə çatdıraq ki, adı hallanan şirkətdən şikayətlər günü-gündən artır və heç bir tədbir görülmür. Bununla bağlı DOSYE.ORG-a daxil olan məlumatlara görə baş vermiş qanunsuzluqlardan yayınmaq üçün şirkət adını dəyişib və başqa bir ad altında tələbələri aldatmaqda davam edir. Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu “Pilgrim Education” şirkətinin adına rast gəlinmir. Bu isə vergi yayınmaları haqda şübhələrə yol açır.

Həmçinin açıq mənbələrdə də şirkət haqqında heç bir məlumat yoxdur. “Pilgrim Education” artıq 3 ildən çoxdur fəaliyyət göstərən mərkəzdir. Mərkəzin əsas xidməti xaricdə təhsillə bağlıdır. Amma bu ad altında baş verən qanunsuzluqlarla bağlı məlum olur ki, şirkət ya “yoxa çıxır”, ya da müqavilə öhdəliklərinə əməl etmirlər. Ötən yazımızda bir neçə şikayətçinin başına gələnlər haqda yazmışdıq. Bunun ardınca DOSYE.ORG-a yeni şikayətlər daxil olub. Məsələn, vətəndaş Türkan Qurbanova bildirib ki, 2023-cü ilin sentybarında xaricdə təhsil almaq üçün “Pilgrim Education” şirkətinə müraciət edib:

“Müqavilə bağladıq. 1800 manat ödədim. Pulun 1000 manatını birdəflik, 800 manatını isə hissə-hissə ödəmişəm. Mən şərtsiz qəbul istəyirdim. Bu halda təqaüd üçün müraciət edə biləcəkdim. Şirkətdən dedilər ki, narahat olmayın, siz deyən kimi olacaq”.
Vətəndaşın sözlərinə görə, bir müddət sonra ona qəbul olunması ilə bağlı sənəd təqdim edilib. “Mən də təqaüd üçün müraciət etməyə başladım” deyən Türkan Qurbanovanın sözlərinə görə, prosesin ortasında məlum olub ki, ona təqdim edilən sənəd saxtadır. “Sonradan məlum oldu ki, ümumiyyətlə, mən heç bir universitetə qəbul olunmamışam. Adım heç sistemdə də yoxdur”, deyə vətəndaş əlavə edib.
O, şirkətdən pulunu geri istəsə də, ala bilməyib. Əksinə, tələbə şirkət rəhbəri tərəfindən hədələnib.

“Pilgrim Education” şirkətindən şikayətçi olan Firuzə Hacıyeva da oxşar halla üzləşib. O, şikayətində bildirib ki, şirkətə 1500 manat ödəyib. Lakin siyahısını verdiyi universitetlərdən heç birinə qəbul olunmayıb. “Bir universitetə qəbul etdirmişdilər. Onu da mən müqavilədə göstərməmişəm. Təqaüdlü qəbul istəyirdim. Şirkətə dəfələrlə müraciət etsəm də, nəticəsi olmayıb. Zənglərə cavab vermilər, ofislərinin qapısı bağlıdır”, deyə Firuzə Hacıyeva vurğulayıb.

“Pilgrim Education” şirkətin növbəti qurbanları daha iki tələbə olduğu barədə məlumat əldə etdik. Bunlar Soltanova Rəna Pərviz qızı və Hüseynova Tahirə Rəhman qızıdır. Onlar da şirkət tərəfindən aldadıqlarını iddia ediblər.

Şikayətçilər yaxın günlərdə məsələ ilə bağlı daha yuxarı instansiyalara müraciət etmək niyyətindədirlər. Şikayətçilərin iddiaları ilə bağlı şirkətdən mövqe öyrənmək mümkün olmayıb.

Tələbə Xanım Camalova isə 2022-ci il 18 iyulda xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün “Pilgrim Education” (Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətin birinci vəzifəsi Camalovanın sənədlərini toplayıb, Macarıstan təqaüdünə müraciət etmək olub.

Sonradan işlər müqaviləyə uyğun getməyib, şirkət isə buna görə Təhsil Nazirliyini günahlandırıb. Bildirib ki, nazirliyin elektron sistemi işləmir. Ancaq nazirlik bunu təkzib edib və sonradan məlumat olub ki, əsas məsuliyyət şirkətdədir:

Daha sonra oradan əlaqə saxladılar və bildirdilər ki, məsələ həll olunacaq, xanımın ödənişi geri qaytarılacaq, heç bir narahatlıq yoxdur. Xanım səhər şirkətə gedib, şirkətdə bir üzr məktubu veriblər ki, bunu paylaş, ödəniş qaytarılacaq. İki saat təzyiq ediblər ki, paylaşsın və məhkəməyə verməklə hədələyiblər. O isə bundan imtina edib.

Özünü şirkətin rəhbəri kimi təqdim edən Aişə Aslanova və digər əməkdaşlar tələbəni təhdid edib, qorxudublar.

Onu da bildirək ki, Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir.

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildirilir ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS