Elman Fəttah: “Müsavat Milli Şuranın mitinqinə dəstək verməyəcək”

Müsavat Partiyasının Qadınlar Birliyinin yeni sədri təyin olunmayıb. Modern.az saytına danışan Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirib ki, Qadınlar Birliyinə yeni sədr rəhbərlik tərəfindən seçilmir:

“Bu məsələ ilə partiyadakı xanımlar məşğul olur. Xanımlarımıza aid şura yığışıb partiyanın nizamnaməsinə uyğun olaraq qərar verəcək. Rəhbərlik olaraq biz onların işinə qarışmırıq.
Hazırda Suraxanı rayon təşkilatının yenidən yaradılması ilə bağlı iş gedir. Təşkilat komitəsi Suraxanı rayonunda ümumi yığıncağa hazırlaşır. Yəqin ki 1 ay ərzində komitə ümumi yığıncaqlarını keçirib təşkilata yeni sədr seçib, şuralarını formalaşdıracaqlar”.
Parlament seçkisində partiyadan kimlərin namizəd olacağı məsələsinə toxunan Elman Fəttah bildirib ki, iyul və ya avqust ayında namizədlərin kimliyi bilinəcək:
“70-dən çox şəxs partiyadan namizədliyini vermək üçün müraciət edib. Hazırda sənədlər toplanır. Həmin sənədlər iyul və ya avqust ayında partiyanın Məclisinə təqdim olunacaq. Məclis müəyyən edəcək ki, kimlər partiyadan namizəd olacaq.
Başqan Arif Hacılının isə seçkidə namizəd olub-olmayacağı avqust ayında müəyyənləşəcək”.
Başqan müavini əlavə edib ki, Müsavat Partiyası Milli Şuranın mayın 30-da keçirəcəyi
mitinqdə iştirak etməyəcək.

COMMENTS