Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etdiyi bir məqamda erməni katolikosu II Qaregin münaqişəni qızışdırmağa xidmət edən açıqlamalarla çıxış etməkdə davam edir.
Bu yaxınlarda o, Almaniya Prezidentilə görüşdə də sülhə deyil, müharibəyə xidmət edən açıqlamalar verib. Pasxa bayramı münasibətilə keçirilən tədbirdə də Qaregin anoloji fikirlər səsləndirərək, bir daha revanşistlərin, müharibə tərəfdarlarının yanında olduğunu təsdiqləyib.
Kilsənin Ermənistanda hələ də təsir gücünə malik olduğunu nəzərə alsaq, Qareginin son fikirləri də onu deməyə əsas verir ki, Ermənistan növbəti təxribatlara əl atmağa hazırlaşır.
Revanşist katolikos
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, katolikosun Pasxa bayramında səsləndirdiyi fikirlər müharibəyə çağırışdır:
“Roma Papasının Azərbaycan və Ermənistana sülh müqaviləsini imzalamaqla bağlı çağırış etdiyi bir məqamda erməni katolikosu həm Almaniya Prezidentilə görüşdə, həm də Pasxa bayramı günündə müharibəyə çağırşlar edib. Yəni katolikos ən yüksək səviyyədə revanşizmi müdafiə edən bir mövqe ortaya qoyub. Erməni separatizminin kökündə dayanan başlıca səbəblərdən biri də məhz katolikosların siyasət və fəaliyyətidir. Onlar regiona sülh və əməkdaşlıq deyil, hər zaman müharibə gətiriblər. İndi də həmin siyasətə sədaqət nümayiş etdirirlər”.
Deputat qeyd edir ki, erməni katolikosu faktiki olaraq bununla erməni ictimaiyyətini Üçüncü Qarabağ müharibəsinə hazırlayırmış kimi bir mövqe ortaya qoyub:
“Bu da təəccüb və təəssüf doğurur. Katolikosun müraciəti nəticə etibarı ilə Ermənistanda revanşistlərin mövqelərini möhkəmləndirməyə xidmət edir.
Katolikos özü bir nömrəli revanşistdir. Belə məsuliyyətsiz bəyanatlarla erməni katolikosu əslində erməni xalqının məhvinə çalışdığını ortaya qoyur. Onun mövqeyi müharibəyə səbəb olsa, bu Ermənistanın sonunun başlanğıcı olacaq. Deməli, belə məsuliyyətsiz bəyanatlarla əslində erməni katolikosu öz xalqının məhvini istəyir.
Katolikosun bu bəyanatı baş nazir Paşinyanın sülh müqaviləsini imzalamağa hazırlıqla bağlı mövqeyilə daban-dabana ziddir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti bu yerdə katolikosun qulağını bursa, çox yaxşı olar”.
Rüfət Sultan
COMMENTS