Elman Rüstəmov: “Dolların bahalaşmasından söhbət gedə bilməz!”

Elman Rüstəmov: “Dolların bahalaşmasından söhbət gedə bilməz!”

Azərbaycanda makroiqtisadi sabitlik var və bu çox ciddi iqtisadi dayaqlara söykənir. Ona görə də manatın növbəti devalvasiyasından söhbət gedə bilməz.

Bunu jurnalistlərə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov seçkilərdən sonra yeni devalvasiya olacağı haqda yayılan şaiyələrlə bağlı deyib.

Azərbaycanın tədiyyə balansının müsbət zonada olduğunu xatırladan E.Rüstəmov bildirib ki, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb. Onun sözlərinə görə, əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib.

“Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən də söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq. Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşsün”, – deyə E.Rüstəmov vurğulayıb.

Dosye.org

COMMENTS