Elşən Musayev: “İndicə “Azadlıq” qəzetinə baxıram… Dağıl ay dünya!”

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz “facebook” səhifəsində vəkil Müzəffər Baxişovun Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun fikirləri ilə bağlı söylədiyi iradlara münasibət bildirib. Aktual.az həmin statusu təqdim edir.

 

“İndicə “Azadlıq” qəzetinə baxıram… Dağıl ay dünya! Vəkil Müzəffər Baxışov Fuad Ələsgərova səhv tutur, şöbə müdirinin açıqlamasını təftiş eləməyə, xırdalamağa, “burmağa” çalışır…
Adam deyir ki, Administrasiya rəsmisinin hakim seçkiləri ilə bağlı söylədikləri yalandır. Hələ bir az da irəli gedib öz hüsnünə, öz şəninə bəy tərifi, kompliment yağdırır…
Halbuki, Müzəffər Baxışovun bilməsi gərəkən bəzi məqamlar var:
1. “Hüquq” fakültəsini bitirmək, hələ yaxşı hüquqşünas olmaq anlamına gəlmir. İnan. Ayrıca, bir də ona inan ki, bu “hüquq” dediyin tək-tük elmlərdəndir ki, həmin elmin hakim olduğu meydanda imitasiya, yola vermək, baş fırlatması – filan olmur. Üstəgəl, yarımçıq hüquqşünas deyə də bir şey olmur. Yəni, ya hüquqşünassan, ya da “kalxoz”. Haqqında bəhs etdiyim “kalxoz”lara təlim keçmək, onları yenidən hüquqşünas cildinə salmaq, əhliləşdirmək isə Fuad Ələsgərovun imkanları xaricindədir.
2. Hakim seçkilərindəki saxtakarlıqdan danışırsan… Nə var – nə var özün həmin seçkilərdə ömürlük namizəd olmusan, hər dəfəsində də uduzmusan deyə. Oysa heç uzağa getmə: Elə ancaq Fuad Ələsgərovun Administrasiyada rəhbəri olduğu şöbənin heyətinə bax. Bax və gör ki, orada sənin kimi bəsit hüquqşünaslar yer ala bilib, yoxsa yox? Bax və gör ki, həmin şöbənin istənilən əməkdaşı sənin kimi yüz hüquqşünasa dərs keçə bilər, ya yox? Bax və gör ki, o şöbəyə indiyə qədər savaddan başqa hansısa əlbir, ya da xəlbir yollarla adlamaq mümkün olub ya yox?
Ayrıca, bilirsənmi məhz bu məqamı niyə xüsusi olaraq vurğuladım? – Çünki, mövcud iqtidarın yetərincə yüksək ranqlı məmuru var ki, gözü öz qohumundan – tanışından, yerlisindən başqa kimsəni görməz, ürəyi öz qanından, öz canından olanlardan savayı kimsəyə yanmaz… Amma, haqqında danışdığın Fuad Ələsgərov eyni adlı kontekstdə nadir istisnalardandır axı. Hətta bəlkə 3 nəfərdən biri. O zaman bu ədalətsiz fikir “xonça”sına, bu mənasız söz yığınına nə hacət vardı ki?!
3. Sən Fuad Ələsgərova dərs keçə bilmərsən. Əmin ol. İstəsən də bacarmarsan bunu. Ya da müxalifətdə qocalan dostların dəyərli hüquqşünas, rəhmətlik Murtuz Ələsgərovla nə cür bacarmışdılarsa, sən də o cür bacararsan. Niyə? Çünki, bu ailənin bütün üzvləri öz elmini, biliyini dövlətçiliyin qorunmasına, möhkəmlənməsinə sərf edəndə, sən və sənin kimilər absurd şeylərin, ya da Əli Kərimli kimi avantürislərin “peşində” qaçırdınız. Çünki, sizin oxuduğunuz kitabların sayı fərqlidir. Çünki sizin dünyagörüşünüzün miqyası fərqlidir. Çünki sizin məfkurə anlayışlarınızın meyarı fərqlidir!
Və nəhayət,
4. Azərbaycanda bəzi vəkillər var ki, eynən restoran müğənnilərinə bənzərlər. Ömrü boyu toya çağırılmayıb, “banket” ümidinə qalarlar. Ya da hansısa qonağın şabaş “qeyrətin”ə…
Bax indi Müzəffər bəy, sən də təxminən bu – fason bir şeysən. Bütün karyeran boyunca peşəkar sahədə bir yaralı barmağa yod sürtə bilməmisən deyə, ömürlük vəkilliyə və Əli Kərimli kimi mötədirlərin mirzəsi olmağa məhkum qalmısan…
Şabaş isə hər saat olmur.
Qrant şəkində banklara oturan şabaşları deyirəm….”

COMMENTS