Elşad Abdullayev həbs edilmək təhlükəsindən danışdı

“ABU-nun bağlanması da siyasi sifarişdir”

Xəbər verdiyimiz kimi, ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı Respublika Prokurorluğu yeni bəyanat yayıb. Bəyanatda bildirilir ki, E.Abdullayevin tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

E.Abdullayev “Yeni Müsavat”a göndərdiyi cavabda bildirib ki, prokurorluğun onun əleyhinə vermiş oldugu açıqlamaları qanunsuz və siyasi sifariş hesab edir: “Prokurorluğun həftədə bir dəfə verdiyi təhdidedici bəyanatlarını siyasi sifariş hesab edirəm. Onların mənim əleyhimə qaldırdığı cinayət işləri saxta ”fabrikovat” olunmuş işlərdir, daxili auditoriya üçün hesablanıb, tələbələrin və müəllimlərin qorxu altında saxlanmasına xidmət edir. Əgər həqiqətən də belə faktlar vardısa, nə üçün 5 il bundan əvvəl bu cinayət işlərini qaldırmırdınız!? Mən Avropa Məhkəməsinə şikayət edənə qədər mənim adım heç bir cinayət işində hallanmayıb. Strasburq Məhkəməsinə şikayət etdikdən sonra diktatura rejimi həmin şəxsi susdurmaq məqsədilə onun əleyhinə həqiqətə uyğun olmayan saxta cinayət işləri açır. Bu günə qədər kimlər şikayət edibsə, onun əleyhinə həmən saxta cinayət işləri acılıbdır”.

Sabiq rektorun sözlərinə görə, qətlləri açmaq əvəzinə, onu qorxu altında saxlayırlar və buna hesablanmış açıqlamalar verilir. E.Abdullayev bildirib ki, bu özü bir ağır dövləti cinayətdir: “Oğurlanmış qardaşımı geri qaytarmaq, cinayətkarları cəzalandırmaq əvəzinə, məni təhdid etməklə məşğuldurlar. Oğru elə bağırdı ki, doğrunun bağrı çatlayır.

Fransa prezidenti Fransua Olland fransız və ərəb dillərində böyük qırmızı hərflərlə qeyd edilmiş ”Biz hamımız Şarliyik’’ şüarına imza atdı. O qeyd etdik ki bu terror aktının İslam dini ilə heç bir əlaqəsi yoxdur, terrorçunun milləti və dini-imanı olmaz. Yəni Fransa dövlət olaraq hər bir vətəndaşının təhlükəsizliyinin qarantıdır, hər bir vətəndaşının hüquqlarının müdafiəçisidir. Azərbaycan Beynəlxalq Universitetinin müəllimləri və tələbələri kütləvi dövlət terroruna məruz qalıbdır. Bu günə qədər ABU müəllimlərinin adı heç bir cinayət işində hallanmayıbdır. Biz Avropa Məhkəməsinə şikayət etdikdən sonra ABU müəllimlərinə qarşı kütləvi həbslər başlayıbdır. Əgər onların cinayəti var idisə, nə üçün 5 il bundan öncə cinayət işi acmırdınız? Deməli, bu fakt özlüyündə bir daha təsdiq edir ki, ABU-ya qarşı münasibət qərəzlidir. Avropada ağır hərbi cinayətlər edib insanların ölümünə səbəb olmuş hərbçilərə 3 ildən sonra cinayət işi açılmır. ABU-nun bağlanması da siyasi sifarişdir”.

“Yeni Müsavat” xatırladır ki, prokurorluğun bəyanatında E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan, 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.

COMMENTS