Növbədənkənar parlament seçkilərinin təyin ediləcəyi ilə bağlı fikirlərə deputatdan cavab:“Parlamentin tərkibinin dəyişdirilməsini 2020-ci ilə qədər gözləməli olacaqsınız”
Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin 4 deputatına Nazirlər Kabinetində müxtəlif yüksək vəzifələr verildiyindən, növbədənkənar parlament seçkilərinin təyin ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlər hələ təyinatlara qədər də var idi.
Seçkidən sonra 4 deputatın vəzifə alması, 1-inin mandatına əvvəldən xitam verilməsi (Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün mantadına xitam verilib), Astan Şahverdiyevin isə vəfat etməsi ilə Milli Məclisdə 6 deputat kürsüsünün boşalması parlament seçkilərinin keçirilməsi məsələsini zaman-zaman yenidən gündəmə gətirir.
“Yeni Müsavat” xatırladır ki, konstitusiyaya görə, parlament prezident tərəfindən buraxıla bilər. Bu da Milli Məclisin 94, 95, 96, 97-ci maddələrdə nəzərdə tutulan saləhiyyətlərini icra etməməsi halında baş verə bilər. Burada da bir çox hallar var. Söhbət Milli Məclisin həll etdiyi məsələlərdən, vaxtında qərarların qəbul edilməməsindən, yaxud qanunvericilik təşəbbüsünə göndərilən layihələrin qanunvericilik təşəbbüsü subyekti olmadan dəyişdirilməsindən və s. gedir. Bu və bu kimi hallar baş verərsə, parlament prezident tərəfindən buraxıla və növbədənkənar parlament seçkiləri təyin edilə bilər.
Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov ötən ay deyib ki, erkən parlament seçkilərinin keçiriləcəyi barədə məlumatlı deyil: “Bildiyimə görə, parlament seçkiləri 2020-ci ildə keçiriləcək”.
“Parlamentin tərkibinin dəyişdirilməsini 2020-ci ilə qədər gözləməli olacaqsınız”. Bu sözləri isə deputat Zahid Oruc AzadliqRadiosuna müsahibəsində deyib: “Mən o zaman, sadəcə, demişdim ki, 7 illik dönəm üçün seçilən prezident ambisiyalı proqram ortaya qoyub, hökumətin içində böyük dəyişiklik var. Bu dəyişiklik yəqin parlamentdən də yan keçməyəcək. Amma bunun üçün növbədənkənar parlament seçkiləri keçirmək tələbi yanlış olar”. Deputat deyib ki, parlamentdə zamanla ayaqlaşmayanlar var: “Parlamentdə zamanın çağırışlar ilə ayaqlaşmayan, Milli Məclisdə görünməyən, mediaya danışmayan, passiv adamlar var. Bu deputatlar 2020-ci ildə dəyişiləcəklər. Amma bunun Arif Rəhimzadənin açıqlamasının kontekstində ”bu parlament getməlidir” hökmü kimi səslənməsinin əleyhinəyəm. Bir deputatın mövqeyinə münasibətdə bütün parlamentin linç edilməsinin, deputatların “cümhuriyyət əleyhidarları”, “sovetdənqalma, sovet təfəkkürlü adamlar” kimi dəyərləndirilməsinin əleyhinəyəm”.
Dosye.org
COMMENTS