Ermənistanın sabiq müdafiə naziri David Tonoyan və qurumun keçmiş məmurlarının cinayət işi çərçivəsində nazirin keçmiş müavini Alik Mirzəbekyan məhkəməyə çağırılacaq.
Bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır:
“Qeyd edək ki, 2016-cı ildə Serj Sarkisyanın əmri ilə o, müdafiə nazirinin müavini – Maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsindən azad edilib. Şayiələrə görə, Mirzəbekyan silah və ərzaq tədarükünü bazar qiymətlərindən yüksək qiymətə alışını həyata keçirib”.
Martın 28-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində sabiq müdafiə naziri David Tonoyan və Müdafiə Nazirliyinin keçmiş məmurlarının işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəməyə şahidlər çağırılıb, onların arasında keçmiş müdafiə naziri, “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan da var.
Ümumiyyətlə isə sursatların alınması prosesində sui-istifadə hallarına yol verilməsi faktı ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsində cinayət işi açılıb.
Cinayət işi çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, silah tədarükü ilə məşğul olan iş adamı David Qalstyan (Patron Davo) da daxil olmaqla yeddi nəfərə qarşı ittiham irəli sürülüb. //Cebhe.info//
COMMENTS