Ermənilər kimi daha tez həbs edəcək: Putini, Baydeni, yoxsa Paşinyanı..?

Ermənilər kimi daha tez həbs edəcək: Putini, Baydeni, yoxsa Paşinyanı..?

ABŞ və Qərb rəsmi İrəvana ən qısa zamanda Ermənistanın MDB, KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarılmasını tapşırıb… Ağ Ev Rusiya ilə müttəfiqliyi bitirib, düşmən olmasını tələb etdiyi Ermənistanı ABŞ-ın Cənubi Qafqazdakı vassalına çevirməyə başlayıb…

Ermənistan ətrafında dolaşıq situasiya hər ötən gün daha da qəlizləşməkdə davam edir. Rəsmi İrəvan Ermənistanı çıxılmaz “geopolitik labirint”in daxilində xaotik hərəkət etdirməkdə israrlı davranır. İndiyə qədər ümid bəslənilən heç bir beynəlxalq siyasi iradə mərkəzindən gözlənilən dəstəyin gəlməməsi indi Ermənistanı daha çox hədəf ölkə durumuna salır. Və bununla da rəsmi İrəvan Ermənistanın suverenliyini böyük risk altına atmış olur.

Məsələ ondadır ki, Ermənistanın hakimiyyət dairələri müstəqil siyasət yürütmək şansına sahib deyillər. Bu uydurma “ölkə”də həmişə belə olub. Paşinyan hakimiyyəti də bu baxımdan, qətiyyən istisna deyil. Rəsmi İrəvan yalnız Cənubi Qafqazda maraqları olan beynəlxalq güclərin təlimat və sifarişləri ilə hərəkət etmək məcburiyyətindədir. Halbuki, bu məsələdə Paşinyan hakimiyyətinin könüllülük prinsipi ilə davrandığı da qətiyyən diqqətdən yayınmır. Və bu, Ermənistanın forpost dövlət vərdişləri sırasına daxildir.

Təbii ki, rəsmi İrəvanın geopolitik alət olmaq ənənəsi Ermənistanın beynəlxalq imicini də böyük ölçüdə müəyyən edir. Belə ki, Rusiya onilliklər boyu Ermənistanı özünün qeyri-rəsmi quberniyası, regional forpostu hesab edib. İndi ABŞ, Fransa və Avropa Birliyi ölkələri də Ermənistana vassal ölkə kimi yanaşırlar. Və ondan geopolitik alət kimi istifadə etsələr də, bir çox hallarda əvəzini ödəməyə ehtiyac belə, duymurlar.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Ermənistan vaxtilə Kremldən idarə olunurdu. İndi isə hələ də Rusiyanın nəzarət zonası olsa da, ABŞ və Qərbin təlimatlarını icra edir. Rəsmi İrəvan həmin təlimatlara uyğun olaraq, Ermənistanın hərbi müttəfiqi Rusiya ilə təmaslardan yayınmağa çalışır. Belə vəziyyətdə Rusiya və Ermənistan arasındakı münasibətlər yalnız korlanmaqla qalmır, həm də düşmənçilik mərhələsinə doğru irəliləyir. Və bunun yaxın gələcəkdə Ermənistana hansı təhlükələri vəd etdiyini isə təxmin etmək o qədər də çətin deyil.

Maraqlıdır ki, rəsmi İrəvan son vaxtlar Rusiyanın da iştirak etdiyi bir neçə önəmli dövlətlərarası platformalardan yayınıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB üzrə həmkarları ilə görüşdən imtina edib. Baş nazir Nikol Paşinyan vaxtının olmadığını bəhanə gətirərək, MDB dövlət başçılarının sammitinə qatılmayıb. Əvəzində isə Avropa Parlamentində çıxış edərək, Rusiyanı Ermənistanın məğlubiyyətlərinə görə suçlayıb.

Rəsmi İrəvan KTMT-nın son dövrlərdə keçirilən bütün toplantı və hərbi təlimlərini baykot edib. Belə örnəklərin sayı kifayət qədər çoxdur. İndi isə Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan MDB üzrə həmkarları ilə toplantıya qatılmaq üçün vaxt tapmayıb. Halbuki, bu, ona ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş məsləhətçisi ilə görüşməyə əngəl olmayıb. Yəni, Armen Qriqoryan “zaman defisiti” elə də böhranlı səviyyədə deyilmiş.

Belə anlaşılır ki, ABŞ və Qərb Ermənistan siyasi dairələrinin Rusiyanın rəsmi təmsilçiləri ilə görüşməsini istəmir. Hətta bəzi ehtimallara görə, Ağ Ev bu barədə rəsmi İrəvana qadağalar da tətbiq edib. ABŞ və Qərb rəsmi İrəvana ən qısa zamanda Ermənistanın MDB, KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarılmasını tapşırıb. Yəni, rəsmi İrəvandan Rusiya ilə müttəfiqliyi bitirib, düşmən olmaq istənilir.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Əslində, rəsmi İrəvan Rusiya ilə düşmənçilik üçün mümkün olan hər şeyi edib. Yəni, ABŞ və Qərbin bu məsələdə Ermənistandan narazı qalması üçün elə bir ciddi səbəb yoxdur. Xüsusilə də, Paşinyan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə bağlı Roma statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan münasibətlərinin tamamilə pozulması üçün ən tutarlı səbəb rolunu oynayır. Və bunun yaxın gələcəkdə Ermənistan üçün olduqca ciddi nəticələrinin ola biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, BCM Rusiya prezidenti Vladimir Putin barəsində həbs qərarı verib. Bu, o deməkdir ki, Ermənistan Roma statutunu ratifikasiya etməklə, hım də prezident Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq hüquq qarşısında öhdəlik götürüb. Və Rusiya prezidenti Vladimir Putin nə vaxtsa, Ermənistana səfər edərsə, rəsmi İrəvan həmin öhdəliyi yerinə yetirməyə borcludur.

Göründüyü kimi, olduqca qəliz situasiyadır. Rusiya Ermənistanın hərbi müttəfiqidir və rəsmi İrəvan onun prezidentini həbs etməlidir. Halbuki, Ermənistan hətta Rusiyanın düşməni olsaydı belə, Kreml sahibini həbs etməyə cəsarət göstərə biləcək gücə heç vaxt malik olmayacaq. Üstəlik, Paşinyan hakimiyyətinin Roma statutunu ratifikasiya etməsi Kremldə Rusiyaya qarşı düşmənçilik mövqeyi kimi qəbul edilir. Və bu, rəsmi İrəvanın nə vaxtsa, öz davranışlarına görə cavab verməli olacağı anlamına gəlir.

Düzdür, rəsmi İrəvan Kremlin qəzəbini nisbətən zəiflətmək üçün müəyyən cəhdlər də göstərir. Belə ki, Kremlə təklif olunur ki, Rusiya ilə Ermənistanda heç bir rus dövlət xadiminin həbs edilməyəcəyinə dair ikitərəfli saziş imzalansın. Bununla da, Roma statutu ilə bağlı narazılıq həll edilmiş olsun. Yəni, erməni məntiqinə görə, belə bir saziş ilə BCM-nin prezident Vladimir Putin ilə bağlı həbs qərarının icrasından yayınmaq olar. Kremlin razılaşmadığı bu variantsa, Roma statutuna “erməni zərbəsi” anlamı daşıyır. Çünki əgər, belə hüquqi fırıldaqlar ilə BCM-nin qərarları manipulyasiya ediləcəksə, onda onların qəbul edilməsinə ümumiyyətlə, ehtiyac yoxdur.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg (214 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyini riskə atmaqda davam edir. Kreml “erməni fırıldağı”na uymaq niyyətində deyil. Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə, onun necə həbs ediləcəyini sınaqdan çıxartmaq niyyətində olduğuna eyham vurur. “Cəsarətiniz varsa, görək necə həbs edəcəksiniz” mesajı verir. Və rəsmi İrəvanı Rusiya ilə müttəfiqliyə xəyanətdə suçlayır.

Ancaq nə qədər qəribə də olsa, deyəsən, dünya nəhənglərinin liderlərinin həbsi ilə bağlı müxtəlif oyunlarda iştirak ermənilərə əyləncəli görünməyə başlayıb. Belə ki, ABŞ-da fəaliyyət göstərən erməni diasporu Respublikaçılar Partiyasından prezident Co Baydenin məsuliyyətə cəlb olunmasını tələb edir. Əsas səbəb kimi isə ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığı göstərilir. Yəni, erməni diasporu ABŞ-ın dövlət maraqları çərçivəsində atılan addımlara görə Ağ Ev sahibinin cəzalandırılmasını istəyir. Və bu, erməni məntiqinin nə qədər qüsurlu, mənasız olduğunu göstərir.

Maraqlıdır ki, Ermənistan müxalifəti – radikal-revanşist düşərgə isə baş nazir Nikol Paşinyanın həbs edilməsini istəyir. Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan prezident Vladimir Putinin həbsi barədə öhdəlik götürüb. Erməni diasporu ABŞ prezidenti Co Baydeni “dəmir barmaqlıqlar” arxasına göndərmək üçün hay-küy qaldırıb. Radikal-revanşist erməni müxalifəti isə baş nazir Nikol Paşinyanın həbsində israrlıdır. Ermənilərin bu üç dövlət başçısından hansının həbsinə nail olacaq?

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

COMMENTS