“Erməniləri sülhə öyrəşdirmək istəyir” – Kiçik mesajların böyük hədəfi…

“Erməniləri sülhə öyrəşdirmək istəyir” – Kiçik mesajların böyük hədəfi…

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında fevralın 4-də ölkə başçımız Fransa və Avropa İttifaqı Şurasının prezidentinin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən görüşə diqqət çəkib. O bildirib ki, bu toplantıda Ermənistanın Baş naziri humanitar məsələlərdə əməkdaşlıq etməyə vəd verib. Fevralın 9-da isə Ermənistanın baş naziri Nikol Paşinyansa parlamentdə hökumət saatı zamanı İrəvanın Bakı ilə avtomobil və dəmir yolu əlaqəsini açmağa hazır olduğunu deyib:“Azərbaycandan müsbət cavab aldıqdan sonra biz avtomobil yolları marşrutlarının inşası və bərpası prosesini həyata keçirməyə hazırıq.Dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, bu yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir”. DOSYE.ORG-ın məlumatına görə, məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Ermənistanın proseslərə münasibətini nəzərdən keçirdikdə mütləq onun daxili vəziyyətini diqqətdə saxlamalıyıq:

“İndi Ermənistan cəmiyyəti ictimai,siyasi, humanitar və s. bütün sahələrdə böhran yaşayır. Orda heç bir sahədə stabil vəziyyət yoxdur. Paşinyan indi misqal-misqal mesajlarını açıqlayır. Bu ilk növbədə onun ölkə daxilindəki ab-havanı nəzərə alması ilə bağlıdır”.

T.Abbasov Azərbaycanın 7 fevral 2022-ci il tarixdə 8 nəfər ermənini Ermənistana təhvil verməsinə diqqət çəkib:

“Rəsmi Bakı böyük bir alicənab addım ataraq səkkiz nəfər erməni cinayətkarını Ermənistana təhvil verdi. Onlar isə buna müsbət münasibət bildirmək əvəzinə söylədilər ki, Azərbaycan bütün cinayətkarları qaytarmalıdır. Bu Ermənistanın daxili vəziyyətinin son dərəcə mürəkkəb olduğunu göstərir. Düzdür, indi ordakı küçələrə bir az sakitlik çöküb. Amma bu o demək deyil ki, hər şey qaydasındadır. Müxtəlif cinayətkar qruplar istənilən vaxt bu sakitliyi poza bilərlər. Onların da başlıca məqsədi Paşinyanı devirməkdir”.

Politoqun fikrincə, Paşinyan hazırda böyük mesajlar səsləndirə bilmir, öz xalqını öyrəşdirə-öyrəşdirə ona sülhdən başqa çıxış yolu olmadığını deyir:

“Artıq Nikolun atdığı addımlar Ermənistanın beynəlxalq müstəvidə heç bir dəstəyə malik olmadığını göstərir. Hazırda onların birinci prezidenti Levon Ter-Petrosyanın dedikləri gerçəkləşir. O demişdi ki, biz Qarabağ məsələsində Azərbaycana iddia irəli sürmək mövzusunda beynəlxalq səviyyədə heç vaxt özümüzə tərəfdar qazana bilməyəcəyik. Çünki biz bu işdə hər zaman qanundan kənar işlərə yaşıl işıq yandırmışıq”. Gec də olsa Ermənistan rəhbərliyi yavaş-yavaş bunu anlayır”.
T.Abbasov düşünür ki, bir çox hallarda Paşinyana naşı təcrübəsiz desələr də, o elə deyil. Nikol işini çox yaxşı bilir:
“O ölkə daxilindəki şəraiti öz xalqına aram-aram elan etmək lazım olduğunu çox gözəl bilir. Anlayır ki, bundan sonra inqilabi yolla nəsə əldə edilməyəcək və bu məsələlər ancaq təkamül yolu ilə həllini tapacaq”.

DOSYE.ORG

COMMENTS