Ermənistan hakimiyyəti Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi xəttilə Rusiya ilə təmaslarda maraqlı olmağı dayandırıb ki, bu da Qərbin təzyiqinin nəticəsidir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib.
“2023-cü ilin noyabrından xarici işlər nazirlərinin görüşü olmayıb. Tərəfdaşlarımız XİN-lər arasında növbəti məsləhətləşmə planını hazırlamaq və imzalamaq təklifimizə maraq göstərmədilər. Müdafiə qurumları xətti ilə təmasların dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim təqsirimiz üzündən deyil.
Hərbi-texniki əməkdaşlıq da zəifləyib. Bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük”, – nazir müavini qeyd edib.
“Buna baxmayaraq, ümid edirik ki, Ermənistan hakimiyyətinin problemli və qıcıqlandırıcı məqamların aradan qaldırılması üzərində açıq şəkildə səsləndirdiyi əhval-ruhiyyə praktiki təcəssüm edəcək. Buna hazırıq”, – Qaluzin deyib.
COMMENTS