“Ermənistan öz işğalını yalançı tədbirlərlə ört-basdır etmək istəyir”

“Ermənistan öz işğalını yalançı tədbirlərlə ört-basdır etmək istəyir”

Tofiq Zülfüqarov: “Sərkisyan ikinci prezidentdir ki, Ermənistan vətəndaşı olmaya-olmaya, Ermənistanı idarə edir”

Son vaxtlar qondarma Dağlıq Qarabağ “Respublikası”nın həyata keçirdiyi müxtəlif təxribatçı addımlar – bu qurumun rəhbərinin Fransaya səfəri, Tiflisdə erməni rəssamlarının sərgisinin keçiriləsi və s. Azərbaycanda haqlı narahatlığa səbəb olmaqdadır. Maraqlıdır, Qarabağdakı işğalçı rejimin öz müstəqilliyini tanıtma cəhdləri hansısa mərhələdə qismən də olsa reallaşa bilərmi?

Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Biz real vəziyyəti əks etdirən mövqedə durmalıyıq. Həqiqət isə ondan ibarətdir ki, Dağlıq Qarabağda bir qurum yaratmaqlarına baxmayaraq, bu torpaqlar Ermənistan tərəfindən zəbt olunub. Həm iqtisadi, həm də siyasi sisteminə tam müdaxilə edilib. Sadəcə olaraq, Ermənistan öz işğalını ört-basdır etmək üçün yalandan bu cür tədbirlər keçirir. Guya ki, orada müstəqil bir qurum yaranıb. Guya orada bir xalq var və s. Faktlar isə tamam başqa şeyləri göstərir. Ermənilər artıq bu faktları qəbul etmək məcburiyyətində qalıblar. Indi danışıqlarda erməni tərəfini Ermənistan prezidenti təmsil edir. Bu, onu göstərir ki, o, həm Ermənistan, həm də işğal edilmiş torpaqlara aid hər bir məsələyə cavabdehdir. Maliyyə, hərbi təhlükəsizlik sistemi də tam olaraq Ermənistana birləşib. Hətta seçki sistemi də birləşib. Sərkisyan artıq ikinci prezidentdir ki, Ermənistan vətəndaşı olmaya-olmaya, Dağlıq Qarabağdan, işğal altındakı torpaqlardan çıxan şəxs kimi Ermənistanı idarə edirlər. Biz reallığı görməli və hər yerdə bu reallığı təbliğ etməliyik”.

Dosye.org

COMMENTS