Aprel savaşından sonra dünyanın gözü yenidən Qarabağa yönəlib.
Artıq bəzi dünya media qurumları Azərbaycan və Ermənistan ordularının müqayisəli təhlilini təqdim edirlər. Ekspertlər bölgədə başlayacaq müharibədə əsas gücün məhz Bakının tərəfindən olduğunu bildirirlər.
Dosye.org iki ölkə ordusunun hərbi gücü haqqında TASS agentliyinin hazırladığı yazını təqdim edir.
Ermənistan
Ermənistan ordusunun ümumi sayı 2016-cı ildə 44.8 min nəfər olub. Ölkədə ehtiyatda olan canlı qüvvənin sayı isə 210 min nəfərdir. 2015-ci ildə Ermənistan hərbi büdcəsi 412 milyon dollar (ümum daxili məhsulun 3,8%-i) olub.
Ordunun təchiz edildiyi texnikanın böyük hissəsi rus və sovet istehsalıdır. Ermənistan 2015-ci il iyunun 26-da Moskva ilə 200 milyon dollar kreditin alınması ilə bağlı müqavilə imzalayıb.
İİSS təşkilatının hesabatına əsasən, Ermənistan ordusunun 100-150 tankı (T-72, T-55, T-54), 300-600 piyadaların döyüş maşını (PDM-1, PDM-1K, PDM-2, BRM-1K) və zirehli transportyoru (BTR-60, BTR-70, BTR-80), 200-ə yaxın artilleriya qurğusu var. Quru qoşunları isə Kruq, Kub, C-75 Dvina, C-125 Peçora zenit-raket komplekslərinə malikdir.
İrəvanın balansında həmçinin 15 hərbi təyyarə (Su-25, Su-25UBK), 30 vertolyot (Mi-24P, Mi-24K, Mi-24R, Mi-8MT, Mi-9, Mi-2), 15 təlim təyyarəsi olan L-39 və Yak-52, 15 pilotsuz aparat – Krunk və Baze mövcuddur.
Ermənistanın qırıcı təyyarələri yoxdur.
Ölkənin raketdən müdafiə sistemləri hər birində 12 buraxılış qurğusu olan 5 C-300PC diviziyasına malikdir.
Bununla bərabər, 4,5 min nəfər Daxili İşlər Nazirliyi və Sərhəd Qoşunlarında xidmət edir. Hazırda DİN-in balansında 50 ədəd piyadaların döyüş maşını (PDM-1, BMD-1), 20 zirehli transportyor (BTR-60, BTR-70, BTR-152) var. Sərhəd Qoşunları 40 ədəd piyadaların döyüş maşınına (PDM-1, BMD-1, BRM-1K), 20 zirehli transportyora (BTR-60, BTR-70) malikdir.
Azərbaycan
Azərbaycan ordusunun ümumi sayı 66.950 nəfərdir. Ölkənin ehtiyatda olan hərbi qulluqçularının sayı 300 min nəfərdir. Keçən il ölkənin hərbi büdcəsi 1,74 milyard dollar olub (ümum daxili məhsulun 2,71%-i). Ordunun təchiz olunduğu hərbi texnikanın böyük hissəsi Rusiya və SSRİ istehsalıdır.
İİSS-in hesabatında Azərbaycanın 300-450 tanka sahib olduğu göstərilir. Onun 100 ədədi 2010-2014-cü illərdə Rusiyadan alınmış müasir T-90C, yerdə qalanları isə İsraillə əməkdaşlıq nəticəsində modernizasiya olunmuş T-72, T-55 tanklarıdır. Ölkə ordusu 200 ədəd piyadaların döyüş maşını (PDM-1/2/3, BRM-1, BMD-1), 500 zirehli transportyor və zirehli avtomobil (MT-LB, BTR-60/70, Marauder, Matador), 500 artilleriya qurğusu ilə (SSRİ, Rusiya, Türkiyə və İsrail istehsalı olan reaktiv yaylım atəşi sistemləri, TOS-1A sistemləri, özüyeriyən artilleriya qurğusu 2C9 Nona-C, özüyeriyən tank əleyhinə raket kompleksləri Xrizantema-C) təchiz edilib.
Azərbaycanın Quru Qoşunlarında Kruq, Osa-1T, Strela-10, 1500 raketi olan 300 İqla-S zenit raket kompleksi var. Burada həmçinin 400 tank əleyhinə raket kompleksi mövcuddur. Ölkə donanması 20 gəmidən təşkil olunub.
Azərbaycan Hərbi Hava Qüvvələrində ən azı 35 hərbi təyyarə (MiQ-29, MiQ-29UB, Su-25, Su-25UB), 20-30 nəqliyyat və təlim təyyarəsi (An-12, L-39, Yak-40), minimum 60 vertolyot (Mi-24, Mi-17, Mi-8, Mi-2), İsrail istehsalı olan pilotsuz uçan aparatlar mövcuddur. Hava hücumundan müdafiə qüvvələri isə C-75 Dvina, C-125 Neva, C-200 Veqa, Buk-M1, C-300PMU2 (minimum iki diviziya), Tor-M2E, İsrail istehsalı olan Barak-8 zenit raket komplekslərinə sahibdir.
Azərbaycanda 15 mindən çox insan Sərhəd Qoşunları, Sahil-Mühafizə Xidməti və Daxili Qoşunlarda fəaliyyət göstərir. Sərhəd Qoşunları 150 ədəd piyadaların döyüş maşını (PDM-1/2), 20 zirehli transportyor (BTR-60/70/80), 20 hərbi vertolyot – Mi-35M-ə sahibdir. Sahil Mühafizə xidməti isə ABŞ, İsrail və SSRİ istehsalı olan 10 gəmi ilə təchiz edilib.
Agentlik həmçinin Ermənistanın işğal altındakı Dağlıq Qarabağda saxladığı ordu barədə məlumat verib. Separat rejimin ərazisində 18-20 minlik ordu var. Dağlıq Qarabağda 200-300 tank (T-72 və T-55), 230 artilleriya qurğusu, 10 Mi-24 və Mi-8MT vertolyotu, Kruq, C-125 Peçora, İqla zenit raket kompleksi saxlanılır.
Dosye.org
COMMENTS