Natiq Miri: “Zamanında Ter-Petrosyanı istefaya göndərən və Köçəryanı hakimiyyətə gətirən güc bu gün də həmin variantı həyata keçirə bilər”
Ermənistanda siyasi əziyyət yenidən gərginləşib. Prezident Serj Sarkisyanla ölkənin ən varlı adamı, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan arasında yaranmış gərginlik siyasi münaqişəyə çevrilib.
Ermənistan prezidenti ötən həftə Sarukyanın fəaliyyətini kəskin tənqid edərək onu Ermənistan üçün bəla adlandırıb. Həmçinin Sarukyanın Ermənistan milli təhlükəsizlik şurasında üzvlüyü və deputat mandatının alınması barədə tapşırıq verib. Sarukyan isə Sərkisyanın hakimiyyəti öz əlində saxlamaq istəməkdə günahlandırıb. Məlum olub ki, “Daşnaksütyun” Partiyasının təşkilatçılığı ilə Sarkisyanla Sarukyan arasında görüş keçirilib. Ancaq hələlik görüşün detalları bəlli deyid.
Bu arada məlum olub ki, Ermənistanın müxalifətdə olan “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyaları fevralın 20-də İrəvandakı Azadlıq meydanında mitinq keçirmək haqda qərar verib. Bəzi məlumatlara görə isə keçmiş prezident Robert Köçəryan da Sarukyanı dəstəkləyir.
Bu isə Ermənistanda hakimiyyət dəyişikliyi mövzusunu yenidən gündəmə gətirib. Siyasi şərhçi Natiq Mirinin fikrincə, Ermənistandakı siyasi ajiotaj Sarkisyan hakimiyyətinin mövqelərinin həm daxildə, həm də xaricdə zəifləməsi şlə bağlıdır: “Bu proses Sarkisyan hakimiyyətinin Avrasiya İttifaqına üzvlüyündən sonra daha da intensivləşdi. Qərbdə Sarkisyanın mövqeləri zəiflədi, Rusiya isə bütün alacaqlarını aldıqdan sonra rus əsgərinin erməni ailəsini qətl etməsi hadisəsindən sonra onun mövqelərini erməni toplumunda tamamilə sarsıtdı”.
Ekspert deyir ki, Rusiya indi daha çox Azərbaycanı öz tərəfinə çəkməyə çalışır və bu zaman təbii ki, ortaya çıxan təkliflər Ermənistan hakimiyyəti üçün uyğunsuzdur. N.Mirinin fikrincə, Ermənistanın indiki hakimiyyəti anlayır ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi onun üçün yaşam təminatıdır: “Rusiya Azərbaycanı öz orbitinə çəkmək üçün Qarabağ probleminin həlli ilə bağlı bir neçə cəlbedici təkliflər ortaya qoymuşdu ki, bunun da həyata keçirilməsində yeganə əngəl məhz Sarkisyan hakimiyyəti idi.
Bu da təbiidir, çünki Sarkisyan anlayır ki, mövqelərinin sarsıldığı indiki şəraitdə Qarabağla bağlı istənilən güzəşt hakimiyyətinin sonu ola bilər. Ona görə ki, bu gün hakimiyyətin çökən iqtisadiyyatın, siyasi və geosiyasi iflasın müqabilində nə cəmiyyətə, nə də havadarlarına təqdim edə biləcəyi parlaq heç nə yoxdur”.
N.Miri deyir ki, hazırda Ermənistanda güclü müxalifət partiyaları var və onlar istənilən an ortaya çıxıb hakimiyyətə iddia edə bilərlər: “Ermənistanda cəmiyyətin əksəriyyəti tərəfindən dəstəklənən ”üçlük” deyilən müxalifət partiyaları mövcuddur və hər an hakimiyyəti əvəz etməyə hazır olduqlarını nümayiş etdirir. “Üçlüyün” təşkil etdiyi on minləri ehtiva edən son etiraz aksiyaları da bu gücü nümayişin göstəricisi sayıla bilər.
Natiq Miri
“Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri Qagik Sarukyanın son Moskva səfəri də Moskvadan siyasi hakimiyyəti əvəzləmək üçün dəstək axtarışı kimi dəyərləndirilməlidir. Məhz bu səfər haqda Sarkisyana verilən məlumatlar da münasibətlərdə stəkanı daşıran damla oldu. Sərkisyan hakimiyyətinə real təhlükə hiss etdiyi üçün əski müttəfiqi Sarukyana qarşı total hücuma keçdi. Bu isə müxalifətin yenidən birləşməsinə, fəallaşmasına gətirib çıxardı. Bu vəziyyətdə Moskvanın dəstəyi olarsa, hakimiyyəti yola salmaq üçün son akkordları vurmağa imkan yarada bilər.
Artıq ümqmermənistan mitinqinə ciddi hazırlıqlar gedir. Bu etirazların siyasi nəticəsi əsasən Moskvanın mövqeyindən asılı olacaq. Əgər Rusiya Sərkisyandan Qarabağla bağlı istədiklərini ala bilsə, Sərkisyan hakimiyyətdə qalmaqda davam edəcək. İndiki şəraitdə zəifləmiş Sərkisyan Rusiyanın ondan almaq istədikləri üçün sərfəlidir. Yox, əgər Sərkisyanın Rusiyaya təqdim edəcəyi bir şey qalmayıbsa, təbii ki, onun hakimiyyət erası da bitəcək və başqa Rusiya yönlü siyasi qüvvələrlə əvəz ediləcək. Bunun üçün də hakimiyyət daxilində imkanlar mövcuddur. Nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri Ovik Abramyan Sarukyanın qohumudur. Zamanında Ter-Petrosyanı istefaya göndərən və baş nazir kimi Köçəryanı hakimiyyətə gətirən güc bu gün də həmin variantı yenidən həyata keçirə bilər”.
COMMENTS