Ermənistandan böyük köç sürətlənib

Artıq olan-qalan əcnəbi iş adamları da ölkədən qaçır; həm qonşu xalqın torpaqlarını işğalda saxlamaq, həm də yaxşı yaşamaq mümkün deyil…

İldən-ilə boşalan işğalçı Ermənistan son zamanlar növbəti demoqrafik problemlə üzləşib – Azərbaycanla həmsərhəd erməni kəndlərinin sakinləri müharibə təhlükəsi ilə bağlı kütləvi şəkildə öz evlərini tərk edir. Eyni proses işğal altındakı Dağlıq Qarabağın azərbaycanlı kəndlərlə həmsərhəd kəndlərində müşahidə edilməkdədir.  

Vəziyyətdən ciddi narahat olan Ermənistan hakimiyyəti isə kəndləri tərk edən sakinlərin qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başlayıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Qoriq Akopyanın qondarma “DQR”in “Milli Təhlükəsizlik Xidməti”nin rəisi Arşavir Qaramyana ünvanlandığı yazılı xəbərdarlıq məktubu bunun əyani sübutu hesab edilə bilər.

Akopyan son vaxtlar Ermənistan-Azərbaycan sərhədi boyunca çoxsaylı atəşkəs rejimi pozuntuları, erməni əsgərlər arasında itkilər, dinc əhalinin və mülki evlərin bombalanmasının əhali arasında vahimə yaratdığını etiraf edib: “Sərhədyanı bölgədə yerləşən kəndlərin sakinləri öz yaşayış yerlərini tərk edir, ailələrini İrəvana, Abovyana, başqa şəhərlərə aparır və qayıtmağa hazırlaşmırlar. Kənd əhalisinin böyük qismi, imkanlılar öz ailələrini kəndlərdən götürürlər. Artıq bu gün Voskepar, Barekamavan,  Kot, Bağanis,  Berdavan yaşayış yerləri boşdur. Regionda yaranmış vəziyyəti nəzərə alaraq, Dağlıq Qarabağda eyni vəziyyətin yaranmaması üçün əmr edirəm ki, əhali arasında izahat işləri aparılsın və vahimə yaradan şəxslər məsuliyyətə cəlb olunsun”.

Ermənistanın işğal altında saxladığı ərazilər, xüsusən cəbhə boyu olan Ermənistanın şimal-şərq bölgəsinin Tavuş və ətraf ərazilərinin sakinləri də evlərini tərk edirlər. Voskepar, Barekamavan, Koti, Bağanis və Berdavan kəndləri artıq boşalıb.

***

Bu arada Ermənistanı olan-qalan əcnəbi iş adamlarının da ölkəni tərk etməyə başladığı haqda məlumatlar yayılıb. O sırada iranlı iş adamları, hətta erməni əsilli əcnəbi biznesmenlər da var. “Mən Ermənistandakı iş yerlərini bağlayıb Gürcüstana gedən çoxlu iranlı iş adamı tanıyıram”. Bunu “Bitum-Ermənistan-İran” şirkətinin qurucusu, erməni əsilli İran vətəndaşı Cavid Zabiholli bildirib.

“İranla əməkdaşlıq etmək üçün yeni imkanlar var. Ancaq iranlı iş adamlarının başlıca problemi Ermənistandakı qanunsuzluqdur. Onların çoxunu dövlət yaradır. Bu problemlər aradan qaldırılarsa, onda iranlılar burada rahat işləyə bilər. Vergi ilə bağlı ciddi problem var. Hər ay qanun dəyişir. Hərə bir söz deyir. İranlı iş adamları hansı qanunlarla işləyəcəklərini bilmək istəyir” – o, vurğulayıb.

Başqa sözlə, məlum olur ki, Ermənistanın boşalması təkcə artan müharibə təhlükəsi ilə deyil, həm də ölkədə hökm sürən qanunsuzluq, korrupsiya, hüquqi dərəbəylik (Vaan Martirosyanın öz ailəsi ilə Azərbaycana qaçması buna bariz sübutdur) və təbii ki, normal iş yerlərinin çatışmazlığı ilə əlaqədardır.

Bəllidir ki, erməni əmək miqrantları əsasən Rusiyaya, həmçinin Ukraynaya, bəzi Avropa ölkələri və Türkiyəyə üz tuturlar. Təkcə Türkiyənin özündə hazırda yüz mindən çox erməni miqrant var. Lakin Rusiyadakı məlum durum üzündən oradakı ermənilərin öz ölkəsinə göndərdiyi pul transfertləri statistikaya görə, iki dəfə azalıb. Demək, paralel olaraq Türkiyədəki erməni əmək miqrantlarının Ermənistanda qalan əhali üçün əhəmiyyəti artıb.

Üstəlik, indi sərhəd bölgələrinin əhalisinin də öz evlərindən çıxması Ermənistan üçün əlavə yükə çevrilməkdədir. Heç sübhə yox ki, həmin əhalinin iş qabiliyyətli hissəsi də tezliklə başqa ölkələrə üz tutaraq miqrant selinə qoşulacaq.

***

Bu acınacaqlı durumdan çıxmağın, böyük köçün qarşısını almağın yeganə yolu isə dəfələrlə deyildiyi kimi, Dağlıq Qarabağ probleminin tezliklə həllidir. Yalnız bölgənin bu ən köhnə ixtilafı ədalətli şəkildə yoluna qoyulandan sonra Ermənistanda iqtisadi tənəzzül dayana, yeni iş yerləri açıla, digər region xalqları kimi ermənilər də normal rifaha qoşula bilərlər. Təmas xəttindəki son qanlı olayların düşmənə ünvanlı ən mühüm xəbərdarlıq mesajı da əslində elə budur.

Əfsus ki, Ermənistanda hakimiyyəti 1998-ci ildən zəbt eləmiş “Qarabağ klanı” bu həqiqəti yaxına buraxmaq istəmir. Bəhanə də belədir ki, guya Rusiya imkan vermir. Ancaq Azərbaycana qarşı torpaq iddiası Moskvaya yox, İrəvana məxsusdur. Bu iddiadan geri çəkilmək yetər ki, “Rusiya amili” gündəmdən dərhal çıxsın. Həm qonşu xalqın torpaqlarını nəzarətdə saxlamaq, həm də yaxşı yaşamaq mümkün deyil.

COMMENTS