Ermənistanı bu dəfə Azərbaycanın əlindən kimsə xilas edə bilməyəcək

Ermənistanı bu dəfə Azərbaycanın əlindən kimsə xilas edə bilməyəcək

Azərbaycan 30 illik həsrətə 44 günlük müharibə nəticəsində son qoymaqla tək Vətən həsrətini bitirmədi, eyni zamanda regionda yeni reallıq yaratmağa nail oldu. Postkonflikt dövrü də bir daha göstərir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana cəbhə açan, rəsmi Bakını müharibəni dərhal dayandırmayacağı təqdirdə hərbi müdaxilə ilə hədələyən dövlətlər və onların liderləri bu gün Azərbaycanın yaratdığı yeni reallıqla barışırlar, hətta bu reallığı artıq Ermənistanın da qəbul etməsi üçün rəsmi İrəvana çağırışları ilə də diqqət mərkəzinə düşməyə başlayıblar.

Buna Azərbaycan Prezidentinin 14 dekabrda NATO baş katibi, eləcə də Aİ prezidenti Şarl Mişellə Brüssel görüşündə və günlər öncə (4 fevral) videoformatda keçirilən Şarl Mişelin, Emannuel Makronun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan dövlət başçılarının növbəti görüşü zamanı şahid olduq.

İkinci Qarabağ müharibəsi ilə Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar edən Azərbaycan dünyada iqtisadi, maliyyə böhranının hələ də başa çatmadığı bir vaxtda bölgədə və regionda yeni inkişaf tendensiyası yaratmaq, qonşularla bu inkişaf xətti ilə birgə şəkildə böhrandan mimimum itkilərlə çıxmaq istiqamətində artıq çox böyük addımların atılması istiqamətində vacib qərarlar verməyə başlayıb. Belə ki, bəyanatda (10 noyabr) əsas bəndlərdən birini təşkil edən Zəngəzur dəhlizi məsələsinin tez bir zamanda reallaşması istiqamətində Azərbaycan öz ərazisindəki tikinti, ifrastruktur işlərini qısa zamanda yekunlaşdırmaq məqsədilə maksimum dərəcədə əlindən gələni edir.

Rəsmi Bakı çox yaxşı anlayır ki, bu dəhliz tək Azərbaycanı yox, bütünlüklə qitələr arası çox önəmli logistik imkanlara malik bir layihəyə çevriləcək. Təbii ki, Zəngəzur dəhlizi Azərbaycan, Rusiya, Türkiyə, İran və Gürcüstan üçün nə dərəcədə əhəmiyyət kəsb edəcəksə, ən azı onun qədər Ermənistan üçün də həyati əhəmiyyət daşıyacaq, nəfəslik rolu oynayacaq. Çünki bu dəhliz Ermənistanın Avropaya çıxış üçün yeganə qapısı ola bilər. Bu gün Ermənistan bunun əhəmiyyətini hələ də dərk etmiş kimi görünməsə də Azərbaycan məqsədindən, yolundan dönmək, qalib tərəf kimi layihələrini Ermənistanın manipulyasiyaları, silahlı insidentləri, revanşistlərin siyasi absurd bəyanatlarına görə təxirə salmayacaq, arxa plana atmayacaq.

Prezident İlham Əliyevin “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirakı və onun AZƏRTAC-a müsahibəsi zamanı səsləndirdiyi fikirlər bir daha Azərbaycanın yol xəritəsini açıq şəkildə hər kəsə bəyan etmiş oldu. “Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq”, – deyən dövlət başçısı bu açıqlaması ilə Azərbaycanın Zəngəzur dəhlizindən sırf nəqliyyat imkanları məqsədilə istifadə etməyəcəyini, daha böyük planlar, layihələr hazırlandığını hər kəsə duyurdu.

Məlum oldu ki, Azərbaycan bununla Avropanın etibarlı enerji mənbələrindən birinə çevrilməkdə israrlıdır. Bununla rəsmi Bakı Avropanın ən etibarlı, güvənilən enerji idxalçısı olaraq həm Qərbdə toxunulmazlıq statusunu əldə edəcək, həm də Azərbaycanın haqq səsinə artıq beynəlxalq təşkilətlar, qitənin ali qurumları və siyasi liderləri daha biganə qala bilməyəcəklər. Müqayisə edərkən təbii ki, Qərbə qrantları hesabına mövcudluğunu birtəhər təmin edən, diasporasının pullarını yeməklə növbəti günə keçməyi bacaran, heç bir iqtisadi və ticari potensialı olmayan, böhranın dibini yaşayan Ermənistandansa, Azərbaycan kimi güclü iqtisadi imkanlara malik, qaz, neft, enerji mənbələri ilə zəngin olan bir ölkəylə əməkdaşlıq daha önəmlidir. İqtisadiyyatın nə qədər gücülü olarsa Ordun da o qədər güclüdür və hər kəs sənlə hesablaşmağa məcburdur. Biz buna Vətən müharibəsindən qalib çıxan tərəf kimi şahidik.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə İkinci Qarabağ müharibəsinin başladığı tarixə (27 xentyabr 2020-ci il) kimi heç bir əhəmiyyət verməyərək, dərhal icra etməsi üçün hər hansı bir ciddi addımla qarşı-qarşıya qalmayan Ermənistan ona yaradılan bu “şəraitdən” geridə qalan 30 il ərzində işğalçılıq siyasətini davam etdirmək məqsədilə geninə-boluna istifadə etdi, daha da azğınlaşdı. Lakin bu haqsızlığa səbr, dözüm göstərib məqamını gözləyən Azərbaycan bu zamana kimi ona qarşı ikili standartlardan yanaşan, Ermənistana “gözün üstə qaşın var” deməyən beynəlxalq qurumları, təşkilatları, dövlətləri və siyasətçiləri nəhayət hərbi qüdrəti, nüfuzu qarşısında susdurmağı bacardı.

Bu gün də görürük ki, artıq zaman-zaman bir vaxtlar Ermənistana görə Azərbaycanla az qala düşmən olmağa belə hazır olan həmin dairələr Bakı ilə hesablaşmaqdan, mövqeyini dolayısı ilə də olsa dəstəkləməkdən başqa yollarının qalmadığını anlayırlar. Bu isə illərdir taftalanan, görməzdən gəlinən haqq-ədalətimizin təntənəsi, qələbəsi deməkdir. Hərbi qüdrətini iqtisadi imkanları hesabına 15-20 il əvvəllərlə müqayisədə xeyli yaxşılaşdıran Azərbaycan dünyanın ən müasir silahları ilə özünü təmin edərək, yeni nəsil texnikalar ilə heç kimin, heç ən pessimist erməninin belə ağlına gəlməyəcəyini 44 günə reallaşdırdı.

Bunun üçün də dövlət başçısı yeni geosiyasi düzəndə Azərbaycanın mövqelərini daha da gücləndirmək, Azərbaycanı regionda, qitədə əsas söz sahibinə çevirmək istiqamətində mühüm, gərəkli addımlar atır. Əgər Ermənistan hakimiyyəti düşünürsə ki, sözdə bir şey deyib, əməldə başqa hərəkət edərək 10 noyabr bəyanatının müddəalarından qaça biləcək, müxtəlif manipulyativ addımlarla dəhlizin açılmasını, delimitasiya və demarkasiya məsələlərini, eləcə də böyük sülh sazişinin imzalanmasını ləngidəcək və yaxud da birdəfəlik deaktivləşdirəcək, o zaman daha böyük səhvə yol vermiş olacaq.

Çünkü bu dəfə Azərbaycanın Ermənistanı ipə-sapa yatırmaq üçün bir yolu qalır – yeni hərbi əməliyyat! Ermənistanın isə buna nə imkanı var, nə də hərbi potensialı. Ermənistandan fərqli olaraq isə Azərbaycan hər gün işğaldan azad edilən ərazilərdə mövqelərini daha da möhkəmləndirir. Arada belə bir böyük fərq olduğu halda Ermənistanın atacağı istənilən destruktiv addım Paşinyanın kürsüsünü ciddi zədələməklə yanaşı, Ermənistanın gələcəyini məhv etmiş ola bilər. Bu dəfə Ermənistanı Azərbaycanın əlindən heç kim xilas edə bilməyəcək. Çünki, İrəvan etimadı zədələyən davranışları ilə Bakının səbrini geridə qalan 30 il ərzində tamamilə xərcləyib, tükətdi.

Təhməz Əsədov
Milli.Az

COMMENTS