Erməni ailələri boşanır

Ermənistanın nüfuzlu saytlarından olan “Терт.am” erməni ailələrində fəlakət həddinə çatmış boşanmalarla bağlı həyəcan təbili çalır.

 

Bununla bağlı ölkənin Ailə Kodeksində müəyyən düzəlişlər edilib.

“Beynəlxalq Hüquqşunaslar və Psixoloqlar Assosiasiyası”nın rəhbəri Xaçatur Marozyan deyib: “Ümid edirik ki, bu dəyişikliklər günbəgün artan boşanma hallarının daha yumşaq formada həyata keçməsinə səbəb ola bilər”.

X.Marozyan bildirib ki, ölkədə boşanmaların əsas səbəbi ailələrin maddi durumu ilə bağlıdır. Boşanmalara səbəb olan əsas amillər arasında başqa ölkələrə köçüb, getmə amili də əhəmiyyətli rol oynayır.

Ermənistan hökumətinin diqqət mərkəzində olan bu problemlə bağlı ölkənin Əmək və Sosial Məsələlər naziri Anuş Danelyan bəzi statistik məlumatları “Терт.am” saytı ilə bölüşüb: “Bizdə olan məlumatlar aydın şəkildə göstərir ki, 1900-cü ildə qurulan hər min ailədən 154-ü boşanma ilə başa çatırdı. 2014-cü ilin ilk yarım ilinə görə isə qurulan hər min ailədən 258-i dağılır”.

“Bəzən belə olur ki, gənc oğlan ailəsinin dolanışığı üçün başqa ölkəyə üz tutur. Orada isə başqa bir xanımla ailə qurur. Bundan xəbər tutan əvvəlki xanımı məhkəməyə müraciət edərək, boşanmaya baş vurur”, – deyə bu sahə üzrə mütəxəssis olan Aqoron Ağabəyyan vurğulayıb.

O, həmçinin bildirib ki, gənclər ailə qurarkən ailə həyatının çətinliklər haqqında kifayət qədər məlumatlı olmurlar: “Təəssüf ki, orta məktəblərdə ailə həyatı haqqında fənn tədris olunmur. Bu da boşanmanın qarşısının alınmasına müsbət təsir edə bilərdi”.

COMMENTS