Ermənilər atəşkəsə əməl etmir: Əks-hücum hər an başlaya bilər

Ermənilər atəşkəsə əməl etmir: Əks-hücum hər an başlaya bilər

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada keçirilən görüşü gündəmin əsas müzakirə mövzusudur. Yenisabah.az xəbər verir ki, müzakirələrin ana xəttini tərəflərin humanitar atəşkəslə bağlı razılığa gəlməsi təşkil edir.

Humanitar atəşkəs müvəqqəti xarakter daşısa da, bunun uzunmüddətli olacağı, münaqişənin həlli prosesinin yenə də illərlə uzanacağı barədə iddialar var.

Bu fikirdə olanlar hesab edir ki, Azərbaycan bütün müstəvilərdə üstünlük əldə etdiyi bir vaxtda Moskvanın vasitəçiliyi ilə humanitar atəşkəsə imza atılmamalı idi.

Qarabağda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının ilk günlərindən Bakıya təzyiqlər müşahidə olunurdu. Ermənistanın aqressor olduğu, eskalasiyanın rəsmi İrəvanın təxribatları nəticəsində başlandığı ortada olduğu halda əks-hücum əməliyatını dayandırmaqla bağlı Azərbaycana çağırışlar edilirdi. Bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsdər ölkələrindən olan Fransa və Ermənistanınn Kremldəki dostları xüsusi fəallıq göstərirdilər. Azərbaycanın görünməmiş təzyiqlərlə üzləşdiyi göz önündə idi. Buna baxmayaraq, Bakı işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatını davam etdirirdi. Bu təzyiqlərin fonunda Azərbaycanın müvəqqəti xarakter daşıyan humanitar atəşkəsə “yox” deməsi onu haqsız duruma sala, Bakını işğalçılıq siyasəti yürütməkdə ittiham edən İrəvanın əlinə əlavə arqumentlər verə bilərdi. Bakı təmkin nümayiş etdirərək bu fürsəti Ermənistana vermədi. Təsadüfi deyil ki, danışıqlardan dərhal sonra Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakayan ölkəsinin İctimai Televiziyasına açıqlama verərək Azərbaycanı aqressor adlandırdı, Bakı və Ankarının bölgəyə terrorçu qruplar gətirdiyi barədə İrəvanın sərsəm iddialarını təkrarladı.

Bu, bir tərəfdən Ermənistanın deskturktiv mahiyyətindən irəli gələn açıqlama idisə, digər tərəfdən məqsədinə nail olmayan İrəvanın yenidən Azərbaycanı təxribata çəkmək cəhdi idi. Bu gün səhər saatlarından etibarən erməni silahlı qüvvələrinin Azərbaycanın mövqelərini atəşə tutması da Bakını yenidən hücuma keçmək məcburiyyətində qoymaq və daha sonra qarşı tərəfin  humanitar atəşkəsi pozduğunu bəyan etməklə beynəlxalq ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.

Azərbaycan isə hərbi əməliyyatlar nəticəsində dəyişmiş status-kvonu siyasi və diplomatik müstəviyə daşımağa çalışır. Bu, əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsi baxımından önəmlidir.

Digər tərəfdən, əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.

Çünki Moskva görüşündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həllinə dair şərtlərini bir daha diqqətə çatdırıb. Ölkə başçısı növbəti dəfə bəyan edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmalıdır. İlham Əliyev çıxışının sonunda “Qarabağ Azərbaycandır” fikrini təkrarlamaqla hər hansı təslimçi sülhə imza atılmayacağının anonsunu verib.

DOSYE.ORG

COMMENTS