Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz…

Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz…

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 26 noyabrda keçirilən görüşün Ermənistanda ümidsizlik və məğlubiyyət ab-havası yaratdığı diqqətdən yayınmır. Xüsusilə də, Baş nazir Nikol Paşiyanın 23 noyabrda Soçi görüşü ilə bağlı ağız dolusu vədlər verməsi, ermənilərin ümidlərinin üzərindən çəkilən xətti daha da qalınlaşdırıb.

20 iyul seçkilərindən mütləq üstünlüklə ermənilərin iqtidarda saxlandığı Paşinyan isə, görünür seçicilərinin səsinə səs verməkdə acizdir.

Ölkədəki vəziyyət, müqayisə bir qədər qüsurlu olsa da, 44 günlük savaşdan sonrakı durumu xatırladır. Hər kəsin xatirində olduğu kimi, müharibə dönəmində Paşinyan administrasiyası ardıcıl məğlubiyyətləri pərdələmək üçün “fake” xəbərlər tirajalayırdı. Və təqvim 10 noyabrı tarixini göstərəndə, yalan xəbərlərlə başının altına yastıq qoyulmuş erməni cəmiyyəti birdən-birə məğlubiyyət xəbəri ilə çalxalandı.

Lakin indki situasiyada ümidləri qırılmış, məğlub xalq əvvəlki kimi canfəşanlıqla küçələrə axışmadı (sayı mini keçməyən revanşistlər xaric). Erməni mediası və siyasi şərhçiləri də vəziyyəti sadəcə işıqlandırmaqla yetindilər. Hətta hər fürsətdə Paşinyanı qaralamaq imkanını qaçırmayan, müxalif siyasətçilər belə artıq reallıqları qəbul ediblər.

Erməni “başbilənlər”in etirafları

Belə ki, Serj Sarkisyanın himayəsində olan “Mənim şərəfim var” blokunun deputatı Tiqran Abramyan özünün “Facebook” hesabından yazdığı stastusda, Azərbaycan-Ermənistan sərhədində baş verənlərin dünya miqyasında “ərazilərə təcavüz” yox, “delimitasiya prosesi zamanı yaranmış sərhəd mübahisəsi” olduğunu etiraf edib. Erməni deputatın fikrincə, hadisələrin bu cür cərəyan etməsi durumunda, Azərbaycanın atacağı addımların miqyası və xarici oyunçuların məsələyə münasibətinin necə olacağını proqnozlaşdırmaq belə mümkün deyil.

Soçi görüşü ilə bağlı, erməni siyasi şərhçi Tiqran Nazaryanın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər isə, Paşinyandan fərqli olaraq reallığa tam uyğun olub:

“Mənim fikrim budur ki, əgər 10 noyabr bəyanatında Ermənistanın Azərbaycana Naxçıvanla fasiləsiz və təhlükəsiz əlaqələr qurmaq imkanı verməyə sadiq olduğu bildirilir. Əgər Nikol Paşinyan indi manipulyasiya etməyə, bunu ümumi nəqliyyat blokunun açılması kontekstində təqdim etməyə çalışırsa, deməli, nəqliyyat blokunun açılması artıq yazılıb. Əgər Azərbaycanla Naxçıvan arasındakı əlaqəyə xüsusi önəm verilirsə, bu, o deməkdir ki, o, bununla bağlı razılıq verib. Bir sözlə Paşinyan dəhlizin açılacağını təsdiqləyib və Ermənistan bunu etməyə məcburdur”.

Ermənilərin ümidlərini qıran digər bir detal isə, təxribatlar törətdikdən sonra onlara arxa çıxacağına inandıqları KTMT-nin sərgilədiyi mövqe idi.

Belə ki, “hraparak” nəşrində dərc olunan məqalədə, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi KTMT üzvü olan ölkələrin İƏT sammitində Azərbaycanın ərazi bütövlüyünə tam dəstəklərini ifadə etməsi təəssüf doğuran məqam kimi təqdim olunub.

Türkofobiyası ən pik nöqtədə olan erməni “başbilənləri” də artıq Qarabağ xülyalarından imtina ediblər. Terror beşiyi hesab olunan, “Daşnaksütun” partiyasının nümayəndəsi Akopr Ter-Xaçatryan “aysor.am”a verdiyi müsahibəsində “Artsax”ın delimitasiya və demarkasiya yolu ilə dəfn olunduğunu etiraf edib.

Ümumilikdə isə, yuxarıda qeyd olunan fikirlərə nəzər saldıqda, Ermənistan cəmiyyətinin 10 noyabr, eyni zamanda onun məntiqi davamı olan, 11 yanvar və 26 noyabr bəyanatlarına müqavimət göstərəcək inamının, taqətinin qalmadığı aydın şəkildə özünü nümayiş etdirir.

Bu isə, şübhələrə yer qalmadığının bariz təsdiqdir. Artıq həm Zəngəzur dəhlizi, həm də sərhədlərin delimitasiyası uzun müddət davam edən bir proses kimi deyil, yaxın perspektivə nəticə verəcək addımlar kimi qiymətləndirilməlidir.(Bizim.Media)

DOSYE.ORG

COMMENTS