Ermənistanda istehsalçılar müflisləşir

Ermənistanda istehsalçılar müflisləşir

“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətinin təsiri artıq iqtisadiyyatının bütün sahələrində özünü göstərir”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorun müavini Ramil Hüseyn bildirib.

O, Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən (Sputnik Армения və s.) qeyd edib ki, artıq işğalçı ölkənin üzümçülük sektorunda da ciddi problemlər yaşanır: “Ermənistanda hərbi səfərbərliyin davam etməsi üzüm emalı zavodlarının tam gücü ilə işləməsinə mənfi təsir göstərib. Bunun nəticəsində üzüm emalı müəssisələri aldıqları üzümün qiymətini kəskin ucuzlaşdırıblar. Hazırda Ermənistanda emal müəssisələri üzümün bir kiloqramını 90 drama (0.18$) və ya ondan da aşağı qiymətə alırlar. Alternativ satış imkanı olmayan fermerlər emal müəssisələrinin şərtlərini qəbul etməyə məcburdular. Onlar məhsullarını maya dəyərindən də ucuz satmalı olurlar. Nəticədə Ermənistanda üzüm istehsalçıları müflisləşirlər”.

R.Hüseyn deyib ki, ötən il Yerevan Konyak Zavodu üzümün bir kiloqramın topdan 140-150 drama alıb: “Bu o deməkdir ki, müharibənin də təsiri ilə Ermənistanda üzümün qiyməti 40 faizə qədər ucuzlaşıb. Nəticədə erməni fermerləri ili ciddi şəkildə zərərlə başa vurublar. Bu həm də ondan xəbər verir ki, emal müəssisələrinin tam gücü ilə işləməməsi səbəbindən növbəti ildə Ermənistanın spirtli içkilər ixracında da ciddi azalma ola bilər. Nəzərə alaq ki, 2019-cu ildə Ermənistanın ixracının 11 faizə qədərini spirtli içkilər təşkil edib”.

İİTKM direktor müavini vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təsirləri düşmən ölkənin iqtisadiyyatını çökdürməkdədir: “Artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edirlər və bunun getdikcə böyüyərək işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır”.

DOSYE.ORG

COMMENTS