Ermənistanda vəziyyət gərginləşdi

Ermənistanda vəziyyət gərginləşdi

men.jpg

Minskdə Avrasiya İqtisadi İttifaqının bu gün keçirilən iclasında Ermənistanın quruma üzvlüyü haqqında sənəd imzalanıb.

 

Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqına üzv ölkələrin parlamentlərinin Ermənistanın üzvlüyünü təsdiq edəcəyinə ümid etdiyini deyib.

“Bizim fikrimizcə, Ermənistan Rusiya, Belarus və Qazaxıstanla bərabər səviyyədə Avrasiya İqtisadi İttifaqında işə hazırdır”,-deyə Kreml rəhbəri söyləyib.

Vladimir Putin qeyd edib ki, Ermənistanın Avrasiya Birliyinə üzvlüyündən makroiqtisadi effektlər gözləyir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin çıxışından isə məlum olub ki, Yerevan hökuməti Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlə razılaşıb.
“Hüquqi və iqtisadi məsələlər razılaşdırılıb. Bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğu barədə verdiyimiz həssas sualla bağlı güzəştə nail olunub”.

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin siyasi ekspertlərin “Yeni SSRİ” hesab etdikəri və Rusiyanın imperiya maraqlarının növbəti mərhələsi olan Avrasiya İttifaqına üzvlüyündən məmnunluğunu ifadə edib.

O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına girişi haqqındakı müqavilə üzv dövlətlərin birgə işlərinin tamamlanması ilə qeyd olunacaq.

Serj Sərkisyanın sözlərinə görə Ermənistanın Avrasiya Birliyinə üzvlüyünün xüsusi spesifakası var. Ermənistan prezidenti çıxışında təşkilata üzv dövlətlərdən kömək istəyini də gizlədə bilməyib.
“Ermənistanın üzvlüyünü öz spesifikası var. Ermənistanın Avrasiya İttifaqına üzv dövlətlərlə heç bir sərhədi yoxdur. Ancaq biz əminik ki, bu, Ermənistanın vahid energetika, telekommunikasiya, maliyyə sisteminə inteqrasiyasına mane olmayacaq”.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı bu ilin may ayının 29-da Astanadan Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin imzaladığı sənədlə yaradılıb. Təşkilatın 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacağı gözlənilir.

Avrasiya İttifaqının təsis iclasında Qazaxıstan rəhbəri Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına göndərdiyi məktubu oxumuşdu. Azərbaycan prezidenti İlham Əliyev məktubunda Ermənistanın BMT-nin tanıdığı sərhədlər çərçivəsində Avrasiya İqtisadi İttifaqına üzv ola biləcəyini şərtini irəli sürmüşdü. Serj Sərkisyan və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə bu şərt qarşısında biabırçı susqunluq nümayiş etdirmişdilər. Ermənistan rəhbərliyinin bu diplomatik məğlubiyyətini erməni ekspertlər sərt dillə tənqid etmişdi.
Rəsmi Yerevanın Avrasiya Birliyinə üzvlüyü məsələsi isə Ermənistanda birmənalı qarşılanmır. Ermənistan əhalisinin böyük əksəriyyəti bunu ölkənin müstəqilliyi və suverenliyi üçün təhdid sayır.

Bu arada, Minsk sammiti zamanı Ermənistanda narazı kütlə Serj Sərkisyanın Avrasiya İqtisadi İttifaqına inteqrasiya olunmaq üçün apardığı siyasəti kəskin tənqid edib. Nümayişçilər, Serj Sərkisyana “Minskdən geri qayıtma!” mesajını yollayıblar.

COMMENTS