Ermənistandan sülhü pozmaq üçün növbəti təxribatçı addım

Ermənistandan sülhü pozmaq üçün növbəti təxribatçı addım

İrəvan sammitində Rusiya, Aşqabad toplantısında Azərbaycan liderlərindən şillələr “dadan” Paşinyan çıxış yolunu danışıqları pozmaqda görür; politoloq: “Azərbaycan vasitəçi ölkələrdən ciddi izahat tələb etməlidir…”

Son zamanlar Ermənistan hakimiyyəti siyasi-diplomatik cəbhədə davamlı şəkildə uğursuzluqlara düçar olmaqdadır. Rusiya prezidentinin İrəvanda baş nazir Nikol Paşinyana aşağılayıcı münasibətinin ardınca Azərbaycan prezidenti İlham Əliyev davamlı şəkildə bu “küçə siyasətçisi”nin cavabını artıqlaması ilə verdi.

Əvvəlcə “Valday” diskussiya klubunda N.Paşinyanın Qarabağ cəfəngiyatına “Qarabağ Azərbaycandır. Nida” bəyanatı ilə cavab verən cənab İlham Əliyev bundan bir neçə gün sonra Aşqabadda, MDB sammiti zamanı Ermənistanın keçmiş və indiki rəhbərliyini faşizmə rəğbət bəslədiyinə, hətta qaniçənlərə heykəl qoyduqlarına görə kəskin tənqid etdi. Ermənistanda faşist əlaltılarının qəhrəman kimi təqdim edilməsinə toxunan Azərbaycanın dövlət başçısı bildirdi ki, MDB dövlət başçıları dəfələrlə faşistlərin qəhrəman obrazının yaradılmasına qarşı çıxsa da, Ermənistanın keçmiş hakimiyyəti faşist Qaregin Njdeyə abidə qoyub və Rusiya Xarici İşlər Nazirliyi də bunu pisləyib.

Əlifba sırası ilə İlham Əliyevdən sonra çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan isə hansısa “arqumentlər”ə söykənməyə çalışıb. Lakin prezident İlham Əliyev növbəti dəfə söz alaraq faşizmi müdafiə edən Nijdenin “Kim Almaniya uğrunda ölürsə, Ermənistan uğrunda ölür” sitatını Paşinyanın üzünə şillə kimi çırpıb. “Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Ona görə də mən hesab edirəm ki, ilk növbədə özünü demokratik yolla seçilmiş hesab edən yeni hakimiyyət bu ləkədən, bu rüsvayçılıqdan yaxa qurtarmalı və həmin heykəli sökməlidir”, – deyə prezident bəyan edib.

Azərbaycan prezidentinin hər iki tədbirdə işğalçı Ermənistan və onun rəhbərliyi barədə kəskin bəyanatlar səsləndirməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Ermənilər bir neçə gündür “Lavrov Paşinyanın bəyanatına reaksiya verdi, ancaq Əliyevin fikirlərini sükutla qarşıladı” kimi absurd fikirlər səsləndirməklə Rusiya hakimiyyətini qızışdırmağa cəhd edirlər.

Yeri gəlmişkən, son günlər cəbhə xəttində gərginlik də səngimək bilmir. Görünür, Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin yaranması həm də KTMT-ni, konkret halda Rusiyanı qıcıqlandırmağa, üstəlik, daxili auditoriyanın diqqətini ölkənin problemlərindən yayındırmağa yönəlib. Elə şənbə günü ermənilər növbəti aksiya keçirdilər. Etirazçılar İrəvan-Mehri yolunu bağlamaqla Paşinyana xəbərdarlıq etdilər. Daxildə də durumu ağır olan, “iynə üstündə oturan” Paşinyan ölkə xaricində də davamlı zərbələr alır.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Paşinyan nəinki cəllad və faşist Njdeyə haqq qazandırdı, hətta Njdenin Zəngəzur cinayətlərini Türklərə qarşı olduğunu açıq dilə gətirdi. O, Paşinyanın növbəti gülünc davranışına da diqqət çəkdi: “Aşqabad görüşündə Putinə yaxınlaşmaq üçün seçilən üsula fikir verin: Paşinyan Putinə yaxınlaşaraq ona bir zamanlar Qarabağ məsələsində erməni mövqeyi sərgiləyən və rüşvət qarşılığında erməniləri müdafiə edən keçmiş həmsədr Vladimir Kazimirovun yazdığı ”Qarabağa sülh” (?) adlı kitabı verməyə fürsət tapıb. Onun bu şəkildə Rusiya prezidentinə yaxınlaşmasına iştirakçılar da gülürdülər. Bu illər ərzində Vladimir Kazimirov da dəfələrlə Xankəndinə gəlib və açıq şəkildə separatçılara dəstək verib. Bu fakt da onu göstərir ki, ermənilər Dağlıq Qarabağla bağlı yeni siyasət ortaya qoymağa başlayıblar. Onun bir örnəyi də həmin kitabın belə bir məclisdə Rusiya prezidentinə təqdim edilməsidir”.

*****

Bu arada işğal zonasında növbəti qondarma tədbirin keçirilməsi sülh prosesinə zərbə sayıla bilər. Oktyabrın 11-dən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində  “Daşnaksütyun”un  təşkilatçılığıyla  “Sülh və ədalət naminə əməkdaşlıq” devizi altında üzdəniraq tədbirə start verilib. 30 ölkədən 150 siyasətçinin qatıldığı yığıncaq “Artsax dostları” forumu adlanır. Ermənilər bu kimi tədbirlərlə “Artsax xalqı”nın (? – red.) “öz müqəddəratını təyinetmə hüququ”na nail olmaq üçün cəhdlər göstərirlər.

“Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, tədbirdə çıxış edən baş separatçı Bako Saakyan növbəti dəfə sərsəmləyib. Deyib ki, Dağlıq Qarabağın taleyi onun iştirakı olmadan müəyyənləşdirilə bilməz. Buna görə də qondarma rejimin liderciyi danışıqlar masası ətrafında oturmaq iddiası ilə çıxış edib. Bir az da irəli gedərək separatçı qurumun Avropa, ABŞ və Rusiya ilə əməkdaşlığının vacibliyindən dəm vurub.

Əslində balacaların böyük arzusu qeyri-adi görünmür, həyasızlığın həddi barədə danışmağa gərək yoxdur. Sadəcə, bu oyuncaq qurumun dəvətini qəbul edənlər arasında həmsədr ölkələrin təmsilçilərinin olması düşündürücüdür. “Yeni Müsavat” xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulin Xankəndidəki tədbirdə çıxış edərək erməniləri ümidləndirb. Deyib ki, Rusiya Qarabağ məsələsinin ədalətsiz həllinə imkan verməyəcək. Təbii ki, Zatulinin “ədalət” ölçüsü bir başqadır. Belə görünür ki, artıq XİN-in “qara siyahısı” bu gəl-getləri əngəlləmək üçün yetərli deyil.

Ermənistanın Dağlıq Qarabağdakı oyuncaq qurumu danışıqlar masasına cəlb etmək istiqamətində göstərdiyi cəhdlər rəsmi Bakının prinsipiallığı nəticəsində iflasa uğradıqdan sonra işğalçı yeni metodlara əl atmaqdadır. Separatçıları gah idman oyunları, gah da konfranslara “ev sahibliyi” etməklə beynəlxalq arenaya çıxara biləcəyini zənn edən işğalçı ölkə əslində danışıqların perspektivini sual altında qoyur.

Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra bir araya gəliblər. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Vladimir Karapetyan bildirib: “İlham Əliyevlə Paşinyan nahar vaxtı söhbət ediblər. Onlar əsasən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə cari məsələləri müzakirə ediblər”.

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov isə “Day.az”a Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib. “Report”un məlumatına görə, A.Qasımov deyib: “Sammitdə iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq, əlifba sırası ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bir neçə ildir işğal olunmuş ərazilərdəki qondarma rejimi beynəlxalq arenada tanıtmağa çalışır: “İrəvan bununla bağlı cəhdlər etsə də, demək olar ki, heç bir müsbət nəticə qazanmayıb. Xankəndində erməni lobbisinin dəstəyi ilə keçirdikləri ”Artsaxın dostları” konfransına fikir versək, burada iştirak edənlər əsasən, erməni lobbisinin təmsilçiləridir, onlar pulun qarşılığında burada iştirak edirlər. Hesab edirəm ki, bu tədbirlər birbaşa Ermənistan tərəfindən danışıqların tormozlaşmasına hesablanıb”.

Ekspert hesab edir ki, məsələyə ciddi reaksiya zəruridir: “Dünyanın 30 ölkəsindən iştirak edən nümayəndələri Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalı və həmin ölkələrə sorğu göndərməlidir. Bu tədbirdə Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin iştirakı narahatedici faktdır. Çünki münaqişənin həllində vasitəçi olan ölkələr konflikt zonasına girməməlidir. Bundan əlavə, Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədlərinin pozulması faktına görə vasitəçi ölkələrdən bu barədə ciddi izahat tələb edilməlidir”.

M.Əsədullazadə əmindir ki, Ermənistan rəhbərliyi bu şounu keçirməklə qondarma rejimin gələcək perspektivdə hər hansı statusun tanınması üçün siyasi baza hazırlayır: “Bu tədbirdə Rusiyanın nümayəndəsi əsasən, erməni lobbisinin maliyyəsi ilə hərəkət edən Zatulinin canfəşanlığı diqqət çəkir. Zatulin təxribatçı birisidir, məqsədi yalnız anti-Azərbaycan siyasəti aparmaqdır. Hesab edirəm ki, rəsmi Bakı Moskvadan bu şəxsin Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə qarşı tədbir görülməsini tələb etməlidir. Zatulin Cənubi Qafqazda məhz münaqişələrin qızışdırlması və Rusiyanın regionda qalıcı mövqeyinin güclənməsi üçün fəallıq edir. Ermənistan da Zatulin kimi şəxslərin timsalında daim Azərbaycana qarşı bu kimi təxribatlara yol verib, Moskvanın dəstəyini alıb. Hesab edirəm ki, Rusiya ilə sıx işləməli, bu ərazilərin boşaldılmasına nail olmalıyıq. Azərbaycan işğal olunmuş ərazilərdə bu gəlişlərin qarşısını almaq üçün ilk növbədə işğalçıları daima xofda saxlamalıdır. Hüquqi prosedurlara başlanılsa, bunun nəticəsi olmayacaq. Çünki bu istiqamətdə ikili standartlar var”.

Politoloq hesab edir ki, sərt addımlar qaçılmazdır: “Azərbaycan mütləq şəkildə düşmənə lokal zərbələr endirsə, düşmən işğal olunmuş ərazilərdə bu kimi tədbirləri keçirməyə cəhd etməz. Həmçinin təhlükəsizlik tədbirlərinə görə xarici nümayəndələr burada iştirakdan imtina edərlər. İşğal olunmuş ərazilər boz zonadır və Azərbaycan burada hər hansı fəaliyyət göstərməyə imkan verməməlidir. Yalnız bu yolla ərazilərimizə qanunsuz səfərlərin qarşısını almış olarıq”.

Müşahidələr onu göstərir ki, Ermənistanın  mövcud hakimiyyəti sələfinin siyasətini davam etdirməkdən ayrı çıxış yolu görmür. Belə ki, status-kvonu qoruyub-saxlamaqla kreslosunda da möhkəmlənəcəyini zənn edir. Amma İrəvan sammitində Rusiya, Aşqabad toplantısında Azərbaycan liderlərindən şillələr “dadan” Nikol Paşinyanın bununla uğura nail olacağı ciddi şübhələr doğurur. Çünki qarşıda Azərbaycan ordusu var. Artıq bəyanat savaşı bitmək üzrədir və bu müstəvidə gedən polemikalara “Valday”da NİDA qoyulub!

DOSYE.ORG

COMMENTS