Ermənistanın yalnız bir yolu qalıb və nöqtə – Bakıdan diplomatik həmlə

Ermənistanın yalnız bir yolu qalıb və nöqtə – Bakıdan diplomatik həmlə

Ermənistan Rusiya üçün daşınması getdikcə çətinləşən ağır yükə çevrilir; erməni mediası: “İlham Əliyevin nida işarəsinə Moskvanın susqunluğu…”

Ötən həftənin Qarabağla bağlı ən sensasiyalı olayı Azərbaycan prezidenti İlham Əliyevin Soçidən işğalçı ölkə rəhbərliyinə və dünyaya göndərdiyi ismarış sayıla bilər. Bu ismarışı xüsusilə effektli edən onun məhz işğalçı Ermənistanın əsas müttəfiqi Rusiyadan, prezident Vladimir Putinin də dinləyicisi olduğu böyük bir auditoriyadan səsləndirilməsi oldu.

Əgər erməni baş nazir “Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsini Xankəndində bir qrup separatçı soydaşının əhatəsində demişdisə, Əliyevin ona “Dağlıq Qarabağ Azərbaycanındır və nida işarəsi” cavabı qat-qat geniş ictimai-siyasi məkandan, üstəlik, Putinin yanından verildi. Belə təəssürat yarandı ki, Rusiya liderinin özü də bu bəyanatın məhz onun yanından verilməsindən məmnun qalıb. Hər necə olmasa, Rusiya siyasi isteblişmentində və KİV-lərində Azərbaycan dövlət başçısının Soçidə Qarabağa dair kateqorik, ən əsası, ədalətli və prinsipial mövqeyi hər hansı tənqidin hədəfi olmadı. Beləcə, tutarlı cavab üçün yer və vaxt yetərincə münasib və uğurlu seçilmişdi.

Azərbaycan prezidentinin bəyanatını sanballı və yadda qalan edən həm də Qarabağ məsələsində beynəlxalq birliyin və hüququn ölkəmizin yanında olması, ölkəmizin mövqeyinin haqlılığı idi. Hər halda, işğalçı Ermənistan, işğala məruz qalan isə Azərbaycandır və müasir dünya da hər cür zorakılığı, etnik təmizləməni, hərbi təcavüz və işğalı qəbul eləmir – üstəlik, erməni işğalı faktı artıq beynəlxalq sənəd və qətnamələrdə öz əksini tapıbsa və işğalçı qüvvələr qeyd-şərtsiz Azərbaycandan çıxmağa çağırılırsa.

Ən önəmlisi, İlham Əliyevin Putinin yanında etdiyi arqumentli çıxışı, dünyaya Qarabağ çağırışı ona işarə idi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə, hazırkı status-kvo ilə barışmayacaq, öz torpaqlarını alver predmetinə çevirməyəcək – Ermənistanın arxasında Rusiya kimi nüfuzlu dövlət dayansa belə. Hərçənd Rusiya son illər Azərbaycanla daha sıx əlaqələr qurmaqdadır, Moskva hətta regionda stavkanı yavaş-yavaş Azərbaycana edir, nəinki işğalçı Ermənistana.

Vladimir Putin Valday İlham Əliev ile ilgili görsel sonucu

Təkcə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı reallaşmaqda olan ortaq layihənin adını çəkmək yetər. Həmçinin, Xəzər hövzəsində iki ölkənin birgə iş birliyini, hərbi-texniki sahədə əməkdaşlığını misal göstərmək olar. Yeri gəlmişkən, Azərbaycan prezidenti Soçidə Rusiya KİV-lərinə verdiyi müsahibəsində Bakının Moskva ilə silah ticarəti sahəsində əməkdaşlığı genişləndirəcəyini anons elədi. Bu barədə Rusiya tərəfi ilə anlaşma əldə olunduğunu söylədi.   

*****

“Valday” forumundakı çıxışında BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin lazım gələndə qısa zamanda reallaşdığı halda, Qarabağ qətnamələrinin on illərdir kağız üzərində qaldığına haqlı iradını bildirən İlham Əliyev bu çıxışla Ermənistana və onun gizli-açıq havadarlarına, faktiki, diplomatik həmlə yapdı. Eyni zamanda, hələ ki, sülh qapılarının açıq saxlandığını anlatdı, Ermənistanın populist rəhbəri N.Paşinyanı pat və pərt duruma saldı, sonuncunun Dağlıq Qarabağ məsələsində mövqeyi və davranışının ilk növbədə erməni xalqına yeni fəlakətlər gətirəcəyinə diqqət yönəltdi.

Bu fəlakətdən qaçmağın tək yolu bəlli: Azərbaycanla anlaşmaq və… nöqtə. Olan-qalan əhalisinin yarıdan çoxunun kasıbçılıq içində yaşadığı və kasad büdcəsinin 30%-ni Rusiya silahlarına xərcləməli olan Ermənistanın inkişaf yoluna çıxması və real müstəqillik əldə eləməsinin yeganə yolu bu. Bunu gec-tez Paşinyan da anlayacaq.

Kreml ile ilgili görsel sonucu

Söz düşmüşkən, bu arada məlum olub ki, Paşinyan ABŞ səfəri öncəsi Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, diplomatik korpusun nümayəndələri və Ermənistan üçün əhəmiyyətli ölkələrdə akkreditə olunmuş səfirləri ilə geniş tərkibli qapalı iclas keçirib və orada olduqca qəzəbli, diplomatik siyasətə cavabdeh olanları ölkəyə sərmayə cəlb edilməsi işində total hərəkətsizlikdə ittiham edib. O, ən çox Ermənistanın Rusiya, ABŞ və Çindəki səfirlərinə kükrəyərək deyib ki, “Belə nəhənglər Ermənistana külli miqdarda investisiya qoymaq məsələsində maraqlı olmalıdır, əks təqdirdə siz nəyə lazımsınız?” (Virtualaz.org).

Paşinyan ilin sonunadək investisiya məsələlərinə dair xüsusi məruzə hazırlamaq və bu dövrdə hansı addımların atıldığı barədə hesabat təqdim etməklə bağlı konkret tapşırıq verib. Ancaq belə tapşırıqların nə faydası, əgər ölkəyə iri sərmayə yatırımı erməni diplomatların bacarağından yox, birbaşa Qarabağ məsələsinin həllindən, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan asılı vəziyyətə gəlibsə və bu vəziyyəti Rusiya belə, düzəltməyə acizdirsə?

*****

Artıq aydındır ki, Rusiyanın ucqar quberniyası statusunda və blokada vəziyyətində olan, dünya okeanına çıxışdan məhrum Ermənistanı heç Rusiya da xilas edə və ayaqda saxlaya bilməyəcək. Bir necə dəfə vurğuladığımız kimi, yenə qeyd edək ki, Ermənistan Rusiya üçün indi qulpsuz çamadana çevrilib – həm daşımaq çətindir, həm də Moskvanın onu tullamağa hələ ki, heyfi gəlir.

Ancaq tullamaq lazım gələcək. Özü də yalnızca PutininPaşinyana və komandasına qarşı soyuq münasibətinə görə yox. Məsələ ondadır ki, işğalçı ölkə həqiqətən Ermənistan Rusiya üçün daşınması getdikcə daha da ağırlaşan mənasız yükə çevrilməkdədir. Azərbaycan prezidentinin Soçi səfəri həm də bu gerçəyin qabarması fonunda qiymətləndirilir.

“Putinin Ermənistana səfərini Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri ilə müqayisə etmək olduqca çətindir. Çünki Putin İrəvana baş nazir NikolPaşinyanın dəvəti ilə yox, Avrasiya İqtisadi İttifaqının zirvəsində iştirak etmək üçün getmişdi. Onun məqsədi Paşinyanla müzakirə aparmaq deyildi”.

Bu fikirləri politoloq, sabiq dövlət müşaviri Fikrət Sadıqov deyib (Publika.az). “Putin hesab edir ki, Azərbaycanın belə bir görüşdə iştirakı olduqca əhəmiyyətlidir. Həm ona görə ki, Azərbaycan regionda və dünyada aparıcı rol artır, həm də Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq formatı formalaşıb. Bu format çərçivəsində bir sıra məsələlər müzakirə olunub, Azərbaycanın rolu yüksək qiymətləndirilib. Belə bir qərar qəbul edilmişdi ki, münasibətləri müxtəlif sahələri üzrə daha da inkişaf etdirmək lazımdır”, – deyə politoloq qeyd edib.

*****

Azərbaycan prezidentinin Soçi bəyanatının İrəvanda yaratdığı əks-sədaya və təlaşa gəlincə, məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Armenianreport.com portalındakı məqalədə müəllif Moskvanı “riyakarlıqda” ittiham edərək gileylənir ki, nədən Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına Rusiya rəsmiləri, Lavrov irad bildirdikləri halda, İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida işarəsi” sözlərinə reaksiya vermirlər?

“Ən aşağılayıcı odur ki, nə Lavrov, nə Zaxarova (Mariya  – red.), nə də ”Valday” forumunun təşkilatçıları prezident Əliyevi yumşaltmağa hətta cəhd belə etmədilər – hansı ki, Qarabağa iddiasını nida işarəsi istifadə etməklə bəyan etdi”, – deyə məqalədə qeyd olunur.

Əlavə edək ki, “Valday” forumunda Rusiya XİN başçısı SergeyLavrovPaşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatını sülh prosesinə ziyanlı olduğunu deyib. Ondan bir gün sonra İlham Əliyevin Paşinyana daha sərt və adekvat cavabı səslənib – özü də Lavrov və Putinin olduğu auditoriyada. Hələ ki, heç bir Moskva rəsmisi buna neqativ reaksiya bildirməyib.

Bildirməyəcək də. Çünki Qarabağ aranlı-düzənli həqiqətən Azərbaycan torpağıdır. Təkcə beynəlxalq hüquqa görə yox, həm də tarixən. Ermənilərin iki əsr öncə Qarabağa haradan, necə köçürüldüyünü Moskvada yaxın tarixdən məlumatı olanların hamısı, o cümlədən erməni kökənli Lavrov yaxşı bilir…

“Yeni Müsavat”ın analitik xidməti

COMMENTS