Etibar Pirverdiyevin biznes planları

Hakimiyyətdə təmsil olunan yüksək çinli məmurların, komitə sədrlərinin, nazirlərin, deputatların bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları zaman-zaman müzakirə mövzu olub.

 

Qanunvericiliyin sözügedən fəaliyyəti onları qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar. Əgər rəsmi orqanlar bizneslə məşğul olan vəzifəli şəxslərin siyahısını hazırlasa, o zaman tam faktlar ortaya çıxmış olar. Bizneslə məşğul olan məmurlar sırasında Etibar Pirverdiyevin adını görməmək, sözün düzü təəcüb doğurardı. Bilməyənlər üçün qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin nəzarətindədir. MMC tikinti, layihələşdirmə, istehsal və elektrik avadanlıqlarının quraşdırılması üzrə işləri kompleks şəklində yerinə yetirir. Burda yağ transformatorları, mayesiz quru transformatorlar, qətranlı transformatorlar, KTY, KPQ 35 kV, KPQ 10 (6) kV KPQ 0.4 kV, APQ – 35 kV 110 kV modul yarımstansiyaları, izolyatorlar, gərginlik stabilizatorları, ayırıcılar, torpaqlayıcılar, dolaq məftilləri və yastı radiatorlar istehsal olunur. Çoxları elə bilir ki, şirkət hansısa başqa məmurun kurasiyasındadır. Amma belə deyil. Bu bir faktdır ki, Azərbaycanda elektrik avadanlıqlarının istehsalı ilə məşğul olan müəssisələrin əksəriyyəti “Azərenerji” şefinin əlində cəmlənib. Yəni ikinci şəxsin bu sektorda fəaliyyət göstərməsi mümkünsüz bir şeydir. Hazırda “ATEF Şirkətlər Qrupu”da təxminən 2 min nəfərə yaxın işçinin çalışdığı deyilir. Və o da bildirilir ki, hazırda şirkətdəki bütün işlərə Etibar Pirverdiyevin yaxın qohumlarından biri rəhbərlik edir. İri sərmayə qoyuluşları nəticəsində MMC-nin əhatə dairəsi günü-gündən genişlənir. Və beləliklə, müəssisə hər il adıçəkilən məmurun büdcəsinə külli miqdarda gəlir gətirmiş olur. Amma külli miqdarda gəlirlərin əldə edilməsinə baxmayaraq, bu qurum orada çalışan işçilərin, fəhlələrin hüquqlarını açıq-aşkar pozur. Belə ki, işçilərin iş saatından artıq işlədildiyi, Heç bir təhlükəsizlik qaydasına riayət olunmadığı vuğylanır. İşə yeni qəbul edilən şəxslərlə isə əmək müqaviləsi bağlanmır. Halbuki, əmək qanunvericiliyinə görə, hər bir müəssisə, təşkilat işçisinin təhlükəsizliyini təmin etməli, işçi hüquqlarını qorumalı və onunla əmək müqaviləsi bağlamalıdır. Amma görünən odur ki, sözügedən müəssisə qanundakı bu maddələrin əksinə hərkət edir. Və qanunla nəzərdə tutulmuş maddələri heçə sayır. Onu da qeyd edək ki, Əslən Qusar rayonundan olan məmur vəzifəsindən istifadə etməklə şimal bölgəsində böyük biznes imperiyası yaradıb. Bu elə bir imperiyadır ki, bölgənin bütün rayonlarını əhatə edir. ASC sədrinin Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə onlarla, bəlkə də yüzlərlə obyekti, fermer təsərrüfatı, istirahət mərkəzləri var. Həmin obyektlərə isə məmurun yaxın adamları nəzarət edir.

COMMENTS