“Etibar Pirverdiyevin Hikmət adlı qaynı bizə qan uddurur” – Prezidentə şikayət

Yevlax rayonunun Salahlı kənd sakini Əhmədov Sakit Fəxrəddin oğlu tərəfindən “Təzadlar”a daxil olan şikayət məktubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri E.Pirverdiyevə və “AZENCO” ASC-nin İdarə Heyətinin sədri V.Şahmuradova ünvanlıdır. Şikayət məktubunda deyilir:

Çox hörmətli cənab Prezident!

Məmur özbaşınalığı nəticəsində pozulmuş Konstitusion mülkiyyət hüququmun bərpası xahişi ilə Sizə müraciət edirəm.
Bildirirəm ki, mən uzun illərdir Mingəçevir şəhərində, Kür çayının sol sahilində özümə məxsus “Şimşək” kafesində sahibkarlıq fəaliyyəti ilə məşğulam. Mülkiyyətimdə 0.20 ha tam özəl torpaq sahəsi, o cumlədən tikinti altında 251.3 m2 torpaq sahəsi və normal fəaliyyəti təmin edən birmərtəbəli tikililər vardır. Bütün bu torpaq və əmlakımın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyatdan keçməsi barədə ÇIXARIŞ almışam. Bundan başqa, Mingəçevir şəhər Bələdiyyəsi ilə müqavilə əsasında 528 kv.m torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüşəm. Fəaliyyət göstərdiyim müddətdə müqavilə öhdəliklərimə, Dövlət Sosial Müdafiə Fonduna ödəmələri, habelə vergi borclarımı vaxtında ödəmişəm. Obyektdə son vaxtlara qədər 10 ailədən 20 nəfər işçi işləmişdir.
Son vaxtlar mənim obyektimlə qonşuluqda dövlət əhəmiyyətli, yeni böyük bir obyektin tikintisinə başlanmış və işlər yüksək sürətlə davam etdirilir. Tikintinin baş podratçısı “AZENCO”ASC-dir. Obyektdə tikinti işlərinə heç bir vəzifəsi və rəsmi statusu olmadığını bildirən Hikmət adlı bir şəxs rəhbərlik edir. Bu şəxs “AzEnerji” ASC İdarə Heyətinin Sədri E.Pirverdiyevin qaynıdır. Hikmət, E.Pirverdiyevin başqa bir qohumu – Əhmədiyyə adlı şəxs və obyektin mühafizə xidmətinin rəisi Həsən müəllim (onlar soyadlarını deməkdən imtina edirlər) 3 ay bundan əvvəl mənimlə görüşərək mənə məxsus obyektin və torpağın dövlət ehtiyacları üçün alınacağını bildirmişdilər. Mövcüd bazar qiymətlərini əsas götürməklə biz razılaşma yolu ilə obyektin və torpaq sahəsinin dəyərini əvvəlcədən ödəmək şərti ilə geri alınması üçün razılaşmışıq və mən bütün tələb olunan mülkiyyət sənədlərini hazırlayaraq həmin şəxslər vasitəsi ilə “AZENCO” ASC-yə təqdim etmişəm. 2 ay əvvəl isə Mingəçevir Elektrik Şəbəkəsi mənim obyektimə elektrik enerjisinin verilməsini tam dayandırmış, su təhcizatı kəsilmiş və obyektin adını göstərən reklam lövhəsi dağıdılmışdır. Mühafizə xidməti tərəfindən mənim öz xüsusi obyektimə girişimə qadağa qoyulmuşdur. Nəticədə mənə və işçilərimə böyük məbləğdə maddi zərər, habelə işgüzar nüfuzuma mənəvi zərbə vurulmuşdur. 28 aprel 2015-ci ildə bilavasitə tikintiyə rəhbərlik edən Hikmət adlı şəxslə yenidən görüşüb razılaşmamızın nəticəsi barədə məlumat almaq istəmişəm. O isə torpaqların geri alınması və kompensasiya ödənilməsi məsələləri ilə bağlı mənə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısına müraciət etməyimi tövsiyə edir.
Kifayət qədər həyat və sahibkarlıq təcrübəsi olan bir ölkə vətəndaşı olaraq məni bir sual düşündürür: – Ölkə qanunlarını və bütün dünyanın qəbul etdiyi sivil qaydaları pozan bu şəxslərə əlahiddə səlahiyyətlər verib mənim mülkiyyətimə, insan hüquqları və azadlıqları kimi müqəddəs hüquqlarıma qəsd edənlərə nəyə görə “DUR” deyən yoxdur?
Onu da diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.4. maddəsində qeyd edilir ki, “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.
“Sahibkarlıq fəaliyəti haqqında” Qanunun 6-cı maddəsində qeyd edilir ki, “Sahibkar onun hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların və fiziki şəxslərin qanunsuz hərəkətlərindən şikayət edə bilər”.

“BMT Təhlükəsizlik Şurasına sədrlik edən, Avropaya inteqrasiya olunan bir ölkədə mənim mülkiyyət hüquqlarıma Etibar
Pirverdiyevin adamları tərəfindən azğıncasına qəsd edilir…”
Mənim xüsusi mülkiyyətimə qanunsuz qəsd edənlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 31-ci (Torpağın satın alınmasına razılıq bildirişi), 34-cü (Təkliflə bağlı danışıqlar), 35-ci( Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması), 56-cı (Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər) və 58-ci (Bazar qiyməti) maddələrinin tələblərini də kobud surətdə pozmuşlar.
BMT Təhlükəsizlik Şurasına sədrlik edən, Avropaya inteqrasiya olunan bir ölkədə mənim mülkiyyət hüquqlarıma Etibar Pirverdiyevin adamları tərəfindən azğıncasına qəsd edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair PROTOKOLun (Paris, 20 mart 1953-cü il) 1-ci maddəsində qeyd edilir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
Möhtərəm cənab Prezident!
Yuxarıda göstərdiyim bütün qanunlarda və Konvensiyalarda nəzərdə tutulan hüquqlarım kobud və qəddarcasına pozulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 26.2. maddəsində qeyd edilir ki, “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”. Ona görə də mən Dövlətimə, onun Prezidentinə inanaraq və güvənərək pozulmuş konstitusion mülkiyyət hüququmun bərpası və mənə ədalətli kompensasiya ödənilməsi üçün lazımi göstərişlər verməyinizi xahiş edirəm.

\\ tezadlar.az \\

COMMENTS