Etibarsız “etibarlı mənbə”nin Ağdam yalanları…

Etibarsız “etibarlı mənbə”nin Ağdam yalanları…

raqub1.jpg

Yaxud, Ağdama daş atanlar unutmasın; həmin daşlar geri qayıdacaq….

Belə olmur, olmayacaq! Azərbaycanda demokratiya və söz azadlığına yaradılmış geniş imkanlar kimlər üçünsə qazanc imkanı, başqalarını ləkələmək fürsəti yaradıb. İndi adını unutduğum məşhur dünya siyasətçilərindən biri bununla bağlı çox gözəl fikir işlədib: “Biz demokratiya və söz azadlığını təmin etdik, amma indi adamları həmin demokratiya və söz azadlığından irəli gələn sui-istifadədən müdafiə etmək zərurəti yaranıb”. Doğrudan belədir. Son günlər bəzi internet portallarında Ağdam rayonunda görülən işlərlə bağlı heç bir həqiqətə, fakta və sağlam düşüncəyə sığmayan “qara piar” kampaniyasına start verilib.

“Etibarlı mənbə”nin diliylə heç bir etibarı olmayan yalanların tirajlandığı həmin yazılar adamda ikrah doğurmaqla yanaşı, ölkəmizdə kimlərinsə söz azadlığının sərhədlərini aşaraq öz yalanlarının coğrafiyasını genişləndirmək istəyində olduğunu göstərməkdədir. Həmin “etibarlı mənbə” daha hansı qələtləri (qələt farsca səhv deməkdir –red) qarışdırmadı? Gah iddia etdi ki, Ağdam rayonunda ciddi narazılıqlar var.

Gah yazdı ki, guya Ağdamda dözülməz vəziyyət yaranıb və bütün bu problemlər rayon rəhbərliyinin idarəçilik siyasətindən qaynaqlanır…. Etibarı bir qəpiyə dəyməyən həmin “etibarlı mənbə” görəsən nə vaxtsa Ağdam rayonunda olubmu? Olubsa hansı məqsəd onun gözlərini bağlayıb ki, cəbhə bölgəsində yerləşən rayonda reallaşan quruculuq-abadlıq işlərini görməyib?

Axı, bizim bircə Ağdamımız var və həmin Ağdamda hansısa gərginlik yox,ölkə rəhbərinə dərin rəğbət, inam hissləri bəsləyən sakinlərin firavan həyatı hökm sürür. Yağı düşmənlə nəfəs-nəfəsə yaşayan, yaradan və döyüşən bu QƏHRƏMAN RAYONun daşı axı, niyə belə ağır olub ki, həmin “etibarlı mənbə” ümumiyyətlə olmayan nələrisə həqiqət donuna salaraq ictimailəşdirmək istəyir?

Demək, maraq var… Həmin maraqlı qüvvələrin kimliyinə gəlincə isə onların çox kiçik düşüncəli şəxslər olduğu hər kəsə bəllidir. Etibarsız “etibarlı mənbə”nin meydan suladığı bəlli saytların və onların başabəla rəhbərlərinin hansı marağa xidmət etdiyi də gün kimi aydındır. İnanın ki, onların Ağdamla bağlı umduqları maddi umacaqlarının bir qismi ödənsəydi, indi həmin saytlarda tamamilə başqa yazıları və yazı başlıqlarını oxuyacaqdıq. Təxminən bu şəkildə:

“Ağdam inkişaf yolunda”, “Ağdam – döyüşən və inkişaf edən rayon” və s… Amma hansısa umacaqlar ödənmədiyindən “etibarlı mənbə” dəliyə dönüb və onlarla xəbər portalında peyda olaraq bar-bar bağırır ki, bəs qoymayın, Ağdamda vəziyyət çox gərgindir…. Daha bu yalanlar o qədər çox istifadə olunmuş “priyomlarla” müşaiyyət olunur və o qədər primitivdir ki, onlara onlara kimlərinsə inanmağı bir yana, heç həmin yalanları dinləmək istəyənlər belə yoxdur.

Ey, etibarsız “etibarlı mənbə”! Əgər əsl həqiqətləri bilmək istəyirsənsə bil ki, nə Ağdam əvvəlki rayon, nə də sənin şantajla marağını təmin etmək istədiyin rayon rəhbəri əvvəlki rəhbər deyil. Bu gün bütün respublika miqyasında müşahidə edilən inkişaf tendensiyasına Ağdam rayonu bariz nümunədir.

Ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı hər küçəsi səngər olan bu qəhrəman rayonda da bu yüksək inkişaf tendensiyası öz müsbət nəticələrini verməkdədir. Döyüşən, amma döyüşməklə yanaşı həm də inkişaf edən Ağdam rayonuna daş atanlar isə unutmasın: həmin daşlar geri qayıdacaq.

İdeologiya.az

COMMENTS