Tərəflər arasında gərginlik daha da artır; Eynulla Fətullayev: “Rusiya Dövlət Dumasının deputatı hansı jurnalist haqqında belə bir fikir söyləsəydi, orada nə baş verərdi?”
Deputat Rasim Musabəyovla jurnalist, virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayev arasında başlayan qalmaqal getdikcə böyüyür. Deputatın jurnalistin onun siyasi keçmişinə nəzər salan və “Mən həmişə Əliyevə qarşı işləmişəm…” başlıqlı məqaləsinə cavab olaraq “Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək – itə it ölümü yaraşır” deyib.
Bundan sonra isə E.Fətullayev təhlükəsizliyinə təminat vermək üçün baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və daxili işlər naziri Ramil Usubova müraciət edib.
Məsələ o qədər şişib ki, eks-prezident Ayaz Mütəllibov da münasibət bildirərək, deputatın ünvanına sərt danışıb: “Siyasətlə məşğul olan adam siyasi mübahisələri küçə xuliqanlığı səviyyəsinə endirməməlidir. Əgər sən siyasətçisənsə, tənqidlərə dözümlü olmalısan, emosiyalarını cilovlamağı bacarmalısan. Prezidentliyim dövründə Musabəyov mənim administrasiyamda işləyirdi. Onunla şəxsən tanış deyildim, amma bilirdim ki, hansısa analitik məqalələr yazır, politologiya ilə məşğul olur. Ona görə də ona bir az da yetişməyi, müdrikləşməyi və danışığına fikir verməyi məsləhət görərdim”.
E.Fətullayev “Yeni Müsavat”a açıqlamasında qarşı tərəfdən ziyalıya yaraşmayan münasibət gördüyünü bildirdi: “Gündə 3-5 məqalə yazırıq. Qarşı tərəfdən daha çox dözülməz, isterik, ziyalı insana yaraşmayan münasibət gördük. Jurnalistə ölüm çağırışı nəyə lazım idi? Elmar Hüseynovun qətlini xatırlatdı. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət elədim ki, bu adam deyir, Elmar Hüseynovu güllələdilər, çağırış edirəm, Eynulla Fətullayevi də güllələsinlər. Bu nə deməkdir? Bu bir daha onu göstərir ki, Azərbaycanda hüquqi müstəvidə ciddi problem və boşluqlar var. Rusiya Dövlət Dumasının deputatı hansı jurnalist haqqında belə bir fikir söyləsəydi, orada nə baş verərdi? Amma gördüyünüz kimi, Azərbaycanda sükut, susqunluqdur. Heç kəs buna bir reaksiya vermir. Bu bir daha onu göstərir ki, Azərbaycan jurnalistləri hansı durumdadır, biz hansı yükün altındayıq. Millət vəkili çağırış edir ki, jurnalisti güllələyin. Məlum deyil kimə çağırış edir, kimi səsləyir. Hesab edir ki, o, doğrudur. Mənə bu məsələ maraqlıdır ki, Rasim Musabəyov nə mesaj göndərir, nə demək istəyir. Bunlar suallar doğurur. Özü də çox ciddi suallar doğurur”.
Jurnalist deputatla bağlı yazdığı məqalədə yalanların olmadığını söylədi: “Həmin məqalədə yalan yazmamışam. Rasim Musabəyov Mütəllibovun müşaviri işləməyib? İşləyib. Sonralar Tamerlan Qarayevin qəbul otağında oturmayıb? Oturub. Müsavat Partiyasının Divan üzvü olmayıb? Olub. Müsavatın Divanından çıxıb, Elnur Aslanovungilin dairəsinə daxil olmayıb? Olub. Yazdıqlarım həqiqətdir. Bir yalan yazsaydım, irad bildirə bilərdi. Adekvat cavab həqiqət səslənəndə olur. Həqiqət səslənəndə cavab da qeyri-adevkat olur. Fikirlərimdə qərəzli olsaydım, yalan danışsaydım, o zaman cavab da adekvat olardı. Deyə bilərdi ki, jurnalist düzgün yazmır, Mütəllibovun müşaviri olmamışam. Bildiyiniz kimi, Ayaz Mütəllibovun özü də onu pislədi. Bəyanat verərək təəssüfləndiyini bildirdi ki, politoloq olan şəxs özünü küçə xuliqanı kimi aparır. Mən bu hərəkəti Azərbaycanın istənilən millət vəkilindən gözləyərdim, amma Musabəyovdan yox. Nə yaxşı ki, bunu da gördük. Hesab edirəm ki, onun psixikasında problem var. Çünki normal adam bu cür fikirlər səsləndirməzdi. Görünür, həqiqət həqiqətdir. Həqiqət yandırır, acıdır. Həqiqət insanı daim daxildən yaralayır. Ona görə də bizə bu cür reaksiya verildi. Ən böyük hakim Azərbaycan ictimaiyyətidir. Allah ona görə dəvəyə qanad vermir. Yaxşı Rasim Musabəyov millət vəkilidir. Sabah o, nazir olsaydı, yaxud Ayaz Mütəllibovun vaxtındakı kimi Prezident Administrasiyasında yüksək vəzifə sahibi olsaydı, o adam Azərbaycan küçələrində jurnalistləri güllələyərdi. Liberalizm, demokratiya, tolerantlıqdan, insan dəyərlərindən danışan insan jurnalistin güllələnməsinə eyham vurur. Buna çağırış edir”.
Eynulla Fətullayev etdiyi müraciətlərdən də danışdı: “Aidiyyəti qurumlara müraciətlərimi etmişəm. Yəqin ki, münasibət bildirilər. Prezident İlham Əliyev hər çıxışında deyir ki, Azərbaycan sabit dövlətdir, qanunlar işləyir, biz hüquqi dövlət qurmuşuq, hüquq mexanizmləri var, insanlar əmin-amanlıq içərisində yaşayır. Buradan da deputat deyir ki, jurnalisti güllələmək lazımdır. Bu nə deməkdir? Bu, hesab edirəm ki, İlham Əliyevə qarşı üsyandır, prezidentə arxadan vurulan zərbədir. Vaxtı ilə Rasim Musabəyov Ayaz Mütəllibova, sonradan İsa Qəmbərə necə arxadan zərbə vurdusa, İlham Əliyevə də belə zərbə vurdu. Özü də bu yolla…”(musavat.com)
COMMENTS