Eynulla Fətullayev yeni sayt açır

Yaxın günlərdə “Azeri Daily” adlı yeni analitik-informasiya saytı fəaliyyətə başlayacaq. İngilis dilində olacaq bu nəşrin baş redaktoru haqqin.az portalının aparıcı müəlliflərindən biri olan Sidqi Şövkətdir.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru olan Sidqi Şövkət Britaniyanın məşhur Oksford Universitetinin məzunudur. O, bir ilə yaxındır ki, Eynulla Fətullayevin təsisçisi olduğu haqqin.az portalı ilə əməkdaşlıq edir.

“Azeri Daily” saytı təkcə Azərbaycanın yox, ümumən bütün Qafqaz regionunun ictimai-siyasi və sosial-iqtisadi həyatını, bu bölgədə baş verən prosesləri işıqlandıracaq.

Yeni ingilisdilli saytın təsisçisi Eynulla Fətullayevdir. O, yeni elektron nəşrin fəaliyyətə başlamasını zəruri edən səbəbləri virtualaz.org saytına şərh edərkən bildirdi ki, bu nəşr əsasən xarici oxucu auditoriyasına hesablanıb: “Bizim planlarımıza görə, saytın əsas oxucuları Azərbaycanın daxili siyasi və sosial-iqtisadi həyatı ilə maraqlanan əcnəbi oxucular olacaq. Bununla yanaşı bizi qərbli mütəxəssislərin Azərbaycandakı vəziyyətə dair baxışları da çox maraqlandırır. Ona görə də bir sıra qərbli ekspertlərlə onları əməkdaşlığa cəlb etmək üçün danışıqlar aparırıq. Artıq bəzi ekspertləri saytla əməkdaşlığa cəlb etmişik”.

“Azeri Daily” portalının baş redaktoru Sidqi Şövkət virtualaz.org saytına açıqlamasında bildirdi ki, sayt online rejimdə işləyəcək və gün ərzində müntəzəm olaraq yenilənəcək.

“Azeri Daily” portalı yaxın günlərdə fəaliyyətə başlayacaq. Bu haqda əlavə məlumat veriləcək.

COMMENTS