Fazil Mustafa niyə güllələndi – Müxalifətdən terror olayına MÜNASİBƏT

Fazil Mustafa niyə güllələndi – Müxalifətdən terror olayına MÜNASİBƏT

Müxalifət partiyalarının təmsilçiləri deputat Fazil Mustafaya qarşı terror aktının törədilməsinə münasibət bildiriblər. Sui-qəsd olayı haqda Modern.az-a danışan müxalif siyasətçilər niyə məhz Fazil Mustafanın hədəf seçilməsi barədə müxtəlif fikirlər səsləndiriblər.

Müsavat partiyasının başqanı Arif Hacılı bildirib: “Fazil Mustafa dini məsələlərlə bağlı fikirlərini açıq şəkildə ifadə etməkdən çəkinmirdi. Bu hadisə bütövlükdə Azərbaycan cəmiyyətinə qarşı xəbərdarlıqdır. Bütün bu məsələlər çox ciddi düşünməyə əsas verir. Belə halların qarşısı alınmalıdır. Əks halda bu cür hadisələr dayanmayacaq və bölgələrə də yayılaraq ümumi xarakter alacaq”.

Partiya sədri İranın hücumun sifarişçisi olmasına əsaslı şübhələrin olduğunu vurğulayıb:

“Fazil Mustafa dini hadisələrlə bağlı fikirlərini açıqlamaqdan çəkinmir. Eyni zamanda nəinki gizli, eləcə də sosial şəbəkələrdə ona qarşı sui-qəsdin həyata keçirilməsi ilə bağlı zaman-zaman açıq şəkildə çağırışlar olub. Hadisə baş verdikdən sonra feysbuk və teleqram kanallarında gedən müzakirələr göstərir ki, Fazil Mustafaya qarşı sui-qəsd edilməsində maraqlı tərəflər var. Bu şəxslərin əvvəlki paylaşımlarından və profil şəkillərindən görünür ki, onlar İrana bağlı şəxslərdir. Belə şübhələrin yaranmasına təbii yanaşıram. Ancaq son sözü hüquq-mühafizə orqanları deyəcək. Hesab edirəm ki, çox qısa zamanda ciddi tədbirlər həyata keçirilərək, hadisənin sifarişçiləri və icraçıları tapılaracaq ciddi cəzalandırılacaq”.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deputatın üzləşdiyi hadisəni terror kimi qiymətləndirdiyini bildirib:

“Hadisəni cəmiyyətdə gərginlik yaradılmasına yönəldilmiş xarici mənbəli terror hadisəsi kimi dəyərləndiririq və pisləyirik. Bu məsələnin sifarişçi və icraçılarının məsuliyyətə cəlb edilməsini gözləyirik. Motivindən asılı olmayaraq, bu cür hərəkətlər, terror cəmiyyətimizin ali maraqlarının əleyhinə yönəlib. Heç şübhəsiz ki, bunun birmənalı şəkildə qarşısı alınmalıdır. Eyni zamanda məqsəd xof, cəmiyyətdə gərginlik yaratmaqdırsa, buna heç bir halda yol vermək olmaz. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti dövlətimizin əsasları üçün təhlükə yaradacaq xof, vahimə və digər hallara yol verməyəcək”.

Pənah Hüseyn vurğulayıb ki, hücumun sifarişçisinin İran olması barədə müxtəlif versiyalar var:

“Təhqiqatlar gedir. Ən çox ehtimal olunan versiyalardan biri hadisənin arxasında İranın durması ilə bağlıdır.  Ancaq tədqiqatın nəticələrini gözləməli olduğumuzu düşünürəm”.

Ağ partiyanın sədri Tural Abbaslı isə bildirib ki, belə hücumla Azərbaycan dövlətini və cəmiyyətini qorxutmaq istəyirlər:

“Siyasi xadimə qarşı silahlı hücum birmənalı olaraq terror hadisəsidir. Fazil Mustafa gənc dəliqanlı deyildi ki, kiminləsə mübahisə zəminində bu cür hadisə yaşansın. Fazil bəy Milli Məclisdə təmsil olunan deputatlar içərisində ən çox fikir bildirən, danışan, mediada görsənən siyasətçidir. Bunun siyasi terror hadisəsi olduğu birmənalıdır. Kimlərsə Fazil bəy üzərindən Azərbaycanı və xalqımızı qorxutmağa çalışır. Düşünürəm ki, dövlət və millət olaraq bu mesaja layiqli cavabı verməliyik. Qətiyyən qorxmaq, çəkinmək, yaxud panikaya düşmək olmaz. Bu şərəfsiz hücumu edənlər mütləq cəzalarını tapmalıdır. Həm sifarişçilər, həm icraçılar cəzalandırılmalıdır”.

Hadisənin hansı qüvvələr tərəfindən törədilməsinə gəlincə, partiya sədri ehtimallar irəli sürüb: “İstintaq orqanları bütün versiyaları araşdıracaq. Düşünürəm ki, hər şey ola bilər. Biz Azərbaycan olaraq elə bir siyasi proseslərin içindəyik ki, Türkiyə kimi qardaşımız olduğu halda, Ermənistan, İran, Rusiya və Fransa kimi bizi istəməyən qüvvələr də var. Konkret nəsə demək tezdir. Təbii ki, Fazil bəyin çıxışının mətninə baxsaq, müəyyən fikirlərə düşmək olar. Ancaq tələsməmək lazımdır. Uzağı bir-iki günə məsələ aydınlaşacaq  İcraçıların iki gündən çox azadlıqda qalacağına inamıram. İstintaqın sonunda sifarişin haradan gəldiyi bəlli olacaq”.

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev: “Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdi şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Bu cür xain terrorlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!”.

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

DOSYE.ORG

 

COMMENTS