Fikrət Məmmədov milli təhlükəsizlik naziri ola bilər

Fikrət Məmmədov milli təhlükəsizlik naziri ola bilər

fik.jpg

10 gün əvvəl, Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmasından sonra bu mühüm posta kimin təyin ediləcəyi siyasi kluarlarda və ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biridir.

Məlum olduğu kimi, Eldar Mahmudov nazir vəzifəsindən götürüləndən sonra MTN-in strukturunda dəyişiklik olunub, 1-ci müavin postu yaradılıb və həmin posta Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev gətirilib.

Hazırda M.Quliyevin nazir postuna təyin ediləcəyi haqda mediada kifayət qədər məlumatlar dolaşır. Ancaq bir məsələ var: əgər prezident onu nazir təyin etmək istəsəydi, MTN-in strukturunda dəyişiklik edilməsinə, 1-ci müavin postu yaradılmasına ehtiyac olmazdı.

Qeyd edək ki, 2011-ci ildə general Əli Nağıyev Eldar Mahmudovla konflikti üzündən MTN-dəki müavin postundan uzaqlaşdırılan vaxt onu Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müavin postuna təyin etdilər. Bu təyinatdan 2 gün əvvəl isə idarənin strukturunda dəyişiklik edilmişdi. Dəyişikliyə qədər idarənin strukturunda rəisin bir müavini olacağı nəzərdə tutulurdusa, dəyişiklikdən sonra bir neçə müavin postu nəzərdə tutulurdu. Bu baxımdan struktur dəyişikliyinə gedilməsi ölkə rəhbərliyinin digər planının olduğu qənaətini formalaşdırır.

Bu gün yeni təhülkəsizlik nazirinin kimin olacağı sualı aktualdır.  

Mətbuatda indiyədək bu posta təyin edilə biləcək generalların adları çəkilib. Bu sırada kölgədə qalan, amma daha çox şansı olanlardan biri də  ədliyyə naziri Fikrət Məmmədovdur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, F.Məmmədovun milli təhlükəsizlik naziri postuna təyinatı məsələsi nəzərdən keçirilir.  

Musavat.com-a daxil olan məlumata görə, milli təhlükəsizlik naziri vəzifəsinə ədliyyə naziri Fikrət Məmmədov gətiriləcək. Deyilənə görə, F.Məmmədov adı indiyədək ciddi qalmaqallarda, rüşvət və korrupsiyada hallanmayan az saylı yüksək rütbəli məmurlardandır. Onu işinin peşəkarı kimi xararkterizə edən mənbə F.Məmmədovun hakim ailəyə qohumluq əlaqəsinin olduğunu da vurğulayır. “Fikrət Məmmədov təhlükəsizlik naziri postuna təyinat alsa, bu, təkcə qohumluq amilinə görə olmayacaq. Hazırkı ədliyyə nazirinin xarakteri və iş üslubu ona bu cür mühüm bir vəzifə qazandıra bilər” – deyə mənbə bildirib.

Bu günə kimi milli təhlükəsizlik naziri vəzifəsinə şanslı namizədlər aşağıdakı ardıcıllıqla sıralanırdı.

1. 2011-ci ildə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilərək Baş Prokuror yanında  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin olunmuş general Əli Nağıyev;

2. Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev;

3. Daxili işlər nazirinin müavini, polis general –  leytenantı Vilayət Eyvazov;

4. General Məhərrəm Əliyev – Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri;

5. Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə;

6. General Vəli Ələsgərov – Naxçıvan MR-in milli təhlükəsizlik naziri;

7. General Elçin Əliyev – milli təhlükəsizlik nazirinin  müavini.

Bütün bu namizədlərin içində Fikrət Məmmədovu daha şanslı edən bir neçə faktor var. Onlardan biri ədliyyə nazirinin adının korrupsiya qalmaqallarında çəkilməməsi, odioz oliqarx kimi ad çıxarmamasıdırsa, biri də dövlət başçısına qohumluq telləri ilə bağlı olması və şəxsi sədaqət məsələsidir.

O da mümkündür ki, prezident İlham Əliyev heç kimin ağlına gəlməyən, heç kimin gözləmədiyi bir şəxsin adı üzərində dayansın. Milli təhlükəsizlik naziri postuna sırf prezidentə bağlı olan bir şəxsin gətiriləcəyi də sirr deyil.

COMMENTS