“Matçın mahiyyətini dərk edirdik. Qələbə qazanmaq istəyərdik. Vaxt azlığına görə bütün detalların üzərində işləyə bilməmişdik”.
QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 23-cü turunda bu gün “Sabah”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib: “Futbolçuların göstərdikləri oyun intizamına və xarakterə görə çox sevinirəm. Qələbə qazana bilərdik, amma 1 xalla kifayətləndik. Yolumuza davam edirik. Bizi qarşıda daha da çətin oyunlar gözləyir”.
Cavid Hüseynov qarşıda “Səbail”in daha yaxşı oyunlar göstərəcəyini qeyd edib: “Sevindirici hal odur ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Bu da onu göstərir ki, zamana ehtiyacımız var idi. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Oyundan-oyuna inkişaf etməyə çalışırıq. Hər məşqçinin öz taktiki oyun planı var. Futbolçular mənim verdiyim tapşırıqları yerinə yetirmək üçün əllərindən gələni edirlər. Onlardan razıyam”.
COMMENTS