“Futbolçularımıza hirslənmişdim” – “Kəpəz”in kapitanı

“Futbolçularımıza hirslənmişdim” – “Kəpəz”in kapitanı

“İlk hissədə bir neçə qol epizodumuz olsa da, dəyərləndirə bilmədik. İkinci hissədə isə oyunda üstünlüyü ələ aldıq və bu, hesabda da özünü göstərdi. Sevinirik ki, ardıcıl iki oyundur qələbə qazanırıq”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Kəpəz”in kapitanı Tural Axundov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Rəvan”a qalib gəldikləri oyundan (2:0) sonra deyib.

Gəncə klubunun kapitanı oyunda aqressiv olmasının səbəblərinə də aydınlıq gətirib:”Sadəcə, boş yerə sarı vərəqə almağımız məni özümdən çıxarırdı. Ona görə futbolçularımıza hirslənmişdim. Ehtiyac yox idi bu qədər sarı vərəqəyə”.

“Rəvan”ın qapıçısı Konstyantin Maxovskiyə zərbə endirmədiyini bildirən futbolçu həmin epizodda rəqib qapıçıya bilərəkdən təması olmadığını söyləyib: “Mən Maxoviskiyə zərbə endirmədim. Sadəcə, Orxan Məmmədovun üzərinə gedirdim ki, aranı sakitləşdirim. “Rəvan”ın qapşçısı ilə eyni zamanda əlimizi qaldırdıq deyə onun sifətinə toxundum. Maxoviskiyə qarşı bilərəkdən heç bir hərəkət etməmişəm. Buna görə də narahatlığım yoxdur“.

T.Axundov növbəti turda qarşılaşacaqları “Xəzər Lənkaran”la matçın ağır keçəcəyini də bildirib: “Xəzər Lənkaran”la oyunumuz asan olmayacaq. Çünki heyətimizdə bəzi problemlər var. Bir neçə futbolçumuz həmin matçda oynamayacaq. Amma çalışacağıq ki, “Xəzər Lənkaran”la oyundan da 3 xal qazanaq”.

COMMENTS