Top.Mail.Ru

Gəncə Dövlət Universitetində Milli Qəhrəmanla görüş oldu

24 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrlə Qarabağ döyşçüsü İbad Hüseynovun görüşü keçirildi.

Rektor professor Yusif Yusibov giriş sözünə müstəqilliyimiz, azadlığımız yolunda, Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin ruhunu yad etməklə başladı.Bundan sonra böyük iftixar hissi ilə görüş iştirakçılarına özünün sadəliyi, təvazökarlığı ilə heyrət yaradan İbad Hüseynovu təqdim etdi. Qeyd etdi ki, bu gün Gəncə Dövlət Universiteti üçün əlamətdar bir gündür. Xalqımızın igid oğlu İbad Hüseynov bizim fəxri qonağımızdır. Gəncliyində əfsanələşmiş, iftixar nümunəsinə çevrilmiş bu insan gənclərin qarşısındadır, əsl vətəndaşlığın, vətənpərvərliyin canlı obrazıdır, simvoludur. Türk dünyasının da qəhrəmanına çevrilmiş həmin İbad Hüseynovdur ki,21yaşında, özündən yaşca və cüssəcə xeyli böyük olan, Ermənistanın “milli qəhraman, şərəfli igid” adı verdiyi, ASALA terror təşkilatının Qərb başqanı Ave Monte Melkonyanla təkbətək əlbəyaxa döyüşdə onun başını bədənindən ayırmışdır. Bu mənfur erməni öz quldur dəstəsiylə Qarabağ kəndlərində soyqırım yaratmış, yüzlərlə həmvətənlərimizin başını kəsmiş, saysız-hesabsız qəddarlığı ilə məşhur olmuşdur. Belə bir qəddarı vuran qolundan məhrum edən, sonra da başını kəsən vətən oğlu ilə təkcə bu günkü yox, gələcək nəsillər də fəxr edəcəklər.
Professor Yusif Yusibov qəhrəmanı tribunaya dəvət etdi. Sakit addımlarla tribunaya tərəf gedən, aram-aram danışan, öz qəhrəmanlığı haqqında bir kəlmə də söz deməyən İbad Hüseynov adi insan təəssüratı yaratsa da, Mübariz İbrahimov kimi neçə-neçə oğullara qəhrəmanlıq nümunəsi olmuşdur. “Biz vətən, xalq uğrunda vuruşurduq. Biz qeyrətimiz uğrunda vuruşurduq. Qızlarımızın, gəlinlərimizin isməti uğrunda vuruşurduq. Qəhrəman olmaq fikrimiz yox idi. Qəhrəman kimi şəhid olmağı düşünürdük”. Onun bu fikrini “Sən bu yurdun İbadısan” adlı mahnı bəstələmiş Tahir Əkbər də, şərəfinə yaradılmış “Atilla” jurnalının baş redaktoru Gulşən Mehdiyeva da (Gülşən Behbud), başqa natiqlər də öz çıxışlarında bir daha vurğuladılar. Hətta böyük həvəs və yanğı ilə onun qəhrəmanlıq tarixçəsindən bəhs edən Gülşən xanım onu da əlavə etdi ki, Ümummilli Lider Heydər Əliyev kimi dünya şöhrətli bir şəxsiyyət səngərdə İbad Hüseynova fəxrlə baxıb: “Sən milli qəhrəmansan!”-deyib. Toy günü telefonla qəhrəmanımızı təbrik edərək, öz hədiyyəsini də göndərmişdir.
Rektor professor Yusif Yusibov İbad Hüseynova görüşə gəldiyi üçün Universitetin çoxsaylı kollektivi adından təşəkkürünü bildirib, rəmzi hədiyyəni qəhrəmana bəxş etdi.
Görüşün sonunda İbad Hüseynova həsr edilmiş sənədli film, video-çarx nümayiş etdirildi və Tahir Əkbərin bəstələdiyi “Sən bu yurdun İbadısan” adlı mahnısı səsləndirildi.

COMMENTS