Dövlət qulluqçularının adı əlvan metal biznesinə qarışdı….
Ötən həftə Qafqaz Xəbər Agentliyinə Tovuz Gömrük İdarəsinin Rafiq adlı əməkdaşının Gəncə Gömrük İdarəsi ilə sövdələşməyə girərək, öz qohumuyla külli miqdarda əlvan metal ixracını gerçəkləşdirdiyi barədə məlumat daxil olub.Qafqaznews.az xəbər verir ki, məlumatda bu işləri həmin əməkdaşın qohumlarına aid “Camaloglu LTD” (VÖEN № 2303235001) şirkəti ilə birlikdə gördüyü qeyd olunur. Azərbaycanda böhran simptomlarının və dollar ajiotajının qarşısını almaq üçün dövlətin bütün iqtisadi rıçaqları, Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta rezervləri səfərbər olunduğu zamanda bəzi işbazların belə davranması yolverilməzdir.
12576146_1671959973063873_681742598_n_640x480
Həmçinin, qeyd edək ki, dövlət başçımız da dəfələrlə məmurların biznesə qarışmasına və işbazlara himayədarlıq etməsinə qarşı çıxıb, bu cür hallara son qoymaq üçün dəfələrlə tapşırıqlar verib. Məsələyə nəzər saldıqda görünür ki, qadağan olunduğu halda, dövlət qulluqçusu kommersiya fəaliyyətinə girişir, həmçinin Gəncə Gömrük İdarəsi ilə də əlbir olaraq, ölkə iqtisadiyyatını çökdürməyə xidmət edən addımlar atır. “Camaloglu” kimi şirkətlər isə prezidentimizin iş adamlarına yaratdığı şəraitdən sui-istifadə edir.
12576355_1671960009730536_645389231_n_360x480
Həmçinin bu “ixrac” əməliyyatında Gəncə Gömrük İdarəsinin rəisi Rauf Rzayevin də dəstəyi və himayəsi var. O, nəinki dəstək verir, həm də iqtisadiyyatımızın çökməsinə xidmət edən bu adamlara şərait yaradır. “Camaloglu LTD” şirkətinin fəaliyyətinə nəzər salsaq, bu şirkətin 06.11.2015 tarixində Gəncə Şəhər Ərazi Vergilər İdarəsindən VÖEN alaraq, “Konditer” adlanan zavodun həyətində qanunsuz yerləşdiyi, standartlara cavab verməyən metaləritmə ocağı qurması barədə məlumatlar da var.
Mənbə bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə İdarəsi tərəfindən də həmin şirkətə latun külçələrinin hazırlanmasına dair yoxlanılmadan sertifikat verilib. Həmin “latun” adlanan külçələr isə saxta “invoice” ilə bir tonun dəyəri 1670 dollardan hesablamaqla ixrac olunur, Türkiyədə isə “Yakup” şirkətinə tonu 3420 dollara satılır. Beləliklə, iqtisadiyyatımıza külli miqdarda zərər vurulur. Məsələ ilə bağlı Gəncə Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. Yaxın günlərdə Gəncə Gömrük İdarəsindən şok məlumatlar olacaq. Araşdırmamız davam edir, bizi izləyin.
COMMENTS